DOI: https://doi.org/10.36719/2789-6919/64/60-67
Silahlı münaqişələr zamanı mülki əhalinin müdafiəsi: beynəlxalq humanitar hüququn əsas prinsipləri və tətbiq problemləri
Xülasə. Silahlı münaqişələr, xüsusilə əhalinin sıx məskunlaşdığı şəhər ərazilərində mülki əhalini ölüm, yaralanma, məcburi köçkünlük və mühüm infrastrukturun dağıdılması təhlükələri ilə üz-üzə qoyur. Məqalədə beynəlxalq humanitar hüquq çərçivəsində mülki əhalinin müdafiəsinin hüquqi əsasları və onun həyata keçirilməsinə mane olan başlıca amillər araşdırılır. Müqavilələrə, məhkəmə təcrübəsinə və elmi ədəbiyyata əsaslanan doktrinal, təsviri və analitik metodlardan istifadə edilərək 1949-cu il Cenevrə konvensiyaları, 1977-ci il Əlavə protokolları və adət hüququ fərqləndirmə, mütənasiblik, ehtiyat tədbirləri və humanizm prinsipləri baxımından təhlil olunur. Həmçinin qadınların, uşaqların, yaralıların və xəstələrin, məcburi köçkünlərin, tibb və humanitar yardım heyətinin xüsusi müdafiəsi nəzərdən keçirilir. Məqalədə əsas problemlər kimi mülki əhaliyə qarşı birbaşa və fərq qoymadan edilən hücumlar, məcburi köçürülmə, humanitar yardımın çatdırılmasına maneələrin yaradılması, şəhər döyüşləri, eləcə də pilotsuz uçuş aparatları, kiberəməliyyatlar və süni intellektin doğurduğu hüquqi məsələlər müəyyənləşdirilir. Hüquqi normalarla onların icrası arasındakı uyğunsuzluq da qeyd olunur. Belə nəticəyə gəlinir ki, səmərəli müdafiə hüquq normalarına əməl olunmasını təmin edən mexanizmlərin gücləndirilməsini, sistemli hüquqi hazırlığı, pozuntuların sənədləşdirilməsini və təqsirkarların ardıcıl şəkildə məsuliyyətə cəlb edilməsini tələb edir.
Açar sözlər: beynəlxalq humanitar hüquq, mülki əhali, silahlı münaqişə, mülki əhalinin müdafiəsi, hüquqi məsuliyyət