DOI: https://doi.org/10.36719/2663-4619/115/140-143
Şövkət Rəhimova
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
magistrant
https://orcid.org/0009-0002-4397-0800
shovkatrehimova98@gmail.com
Rejissor sənətində İsmayıl Hidayətzadə fenomeni
Xülasə
İsmayıl Hidayətzadə, Azərbaycanın teatr sənətinə yön verən, öz yaradıcılıq əlamətləri ilə seçilən görkəmli rejissorlarımızdan biri olmuşdur. Sənətkarın 1920–1930-cu illər ərzində qurduğu tamaşalar, Azərbaycan teatrındakı rejissor sənətinin formalaşmasında əhəmiyyətli mərhələyə çevrilmişdir. O, bir çox klassik yazıçıların və dramaturqların əsərlərinə müasir yozumlar əlavə etmiş, Azərbaycan teatrında realist rejissor anlayışının inkişaf etməsinə və bir çox fəlsəfi əhəmiyyətə malik olan əsərlərə öz töhfəsini vermişdir. Onun ərsəyə gətirdiyi “Səyavuş”, “Şahnamə” və “Koroğlu” tamaşaları rejissorun psixoloji yanaşması ilə seçilmiş və tamaşaçılarla yanaşı, tənqidçilərin də yüksək rəğbətini qazanmışdır. Hidayətzadənin rejissorluq istedadı Şərq klassikalarında özünü göstərmiş, həmçinin müasir Azərbaycan dramaturgiyası nümunələrində də öz rejissor dəsti-xətti ilə seçilmişdir. Onun poetik ruhlu əsərlərin quruluşuna yön verməsi, ilk Azərbaycan baletini səhnələşdirməsi bu keyfiyyətlərin əyani göstəricisidir.
Onun rejissor yaradıcılığı, Azərbaycan teatr sənətinin modernləşməsinə və milli teatrımızın inkişafına yönələn addımları ilə seçilir. Məqalədə sənətkarın rejissor yanaşması, yozum fərqlilikləri, həmin dövrdə teatr sənətinə gətirdiyi yeniliklər, onun rejissorluq istedadı təhlil edilmiş, həmçinin milli teatrımızdakı əvəzsiz rolu, quruluş verdiyi əsərlərin məzmunu haqqında müəyyən təhlillər aparılmışdır.
Açar sözlər: İsmayıl Hidayətzadə, Hüseyn Ərəblinski, Cəfər Cəfərov, Cəfər Cabbarlı, sovet realizmi, Azərbaycan teatrı, Azərbaycan Dövlət Opera və Balet Teatrı, milli teatr, pyes, opera, balet, tamaşa, aktyor, rejissor