DOI: https://doi.org/10.36719/2663-4619/115/245-249
Ləman Nərimanova
Bakı Slavyan Universiteti
https://orcid.org/0009-0007-9041-5507
leman.nerimnova@gmail.com
Müstəqilliyin bərpasından sonra Azərbaycan və Almaniya Federativ
Respublikası arasında əlaqələr
Xülasə
Məqalə Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə həyata keçirdiyi xarici siyasətlə bağlıdır. Avropa dövlətləri ilə bütün sahələrdə münasibətlərin qurulması olduqca vacibdir. Belə ki, “ Qoca Dünyanın” nümayəndələri həm iqtisadi inkişaf baxımından, həm də dünya siyasətinə təsirləri baxımından ölkəmizin milli maraqları üçün əhəmiyyət daşıyır. Bu dövlətlər arasında Almaniya Federativ Respublikasını xüsusi vurğulamaq lazımdır. Çünki digər Avropa dövlətlərindən fərqli olaraq Azərbaycanda alman koloniyaları olmuşdur. 100 ildən artıq bir dövrdə bu xalqın nümayəndələri bu torpaqlarda yaşamışlar. Almanların Bakı, Gəncə, Şəmkir, Göygöl ərazilərində qoyduqları izlər günümüzdə mədəni irsin nümunəsi olaraq mühafizə olunur.
Almaniya Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirir. Müxtəlif dövrlərdə iki ölkə arasında imzalanmış rəsmi sənədlər dövlətlərarası münasibətlərin hüquqi bazasını təşkil edir.
Məqalə yazılarkən daha çox nəzəri metodlardan istifadə olunmuşdur. Bu mövzu barəsində yazılmış mənbələrə istinadlar olunmuşdur. Məqalənin yazılmasında məqsəd dövlətimiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasındakı münasibətlərin tarixini araşdırmaq olmuşdur. Hazırda Almaniya ilə Azərbaycan arasındakı münasibətlər yüksək inkişaf səviyyəsindədir.
Açar sözlər: Almaniya, enerji, əməkdaşlıq, xarici siyasət, Münhen