DOI: https://doi.org/10.36719/2663-4619/115/92-97
Qənirə Əsgərova
Naxçıvan Dövlət Universiteti
https://orcid.org/0009-0005-7756-8029
asgerovaganira@gmail.com
Hüseyn Cavid dili Azərbaycan dilinin soykökünə dönüşdür
Xülasə
Məqalədə Hüseyn Cavidin türk ədəbi dilinə münasibətindən bəhs olunur. Müstəqil düşüncə sahiblərindən olan Hüseyn Cavidin Azərbaycan ədəbi dilində özünəxas və seçkin mövqeyi vardır. O, Azərbaycan ədəbi dilinin mürəkkəb və mübahisəli bir mərhələsində - XX yüzilin əvvəlində (Azərbaycan ədəbi dilinin türk ədəbi dilinə meyil etdiyi bir dövrdə) yaradıcılığa başlamışdır. Onun dili bir tərəfdən öz təfəkkür mədəniyyətini, digər tərəfdən həmin dövrdə türkçülüyün yaranması, formalaşması və inkişafının təsirini əks etdirir. Bu baxımdan, XX yüzilin əvvəlində ədəbi dilimizin norma vəziyyətini əks etdirən faktlar qruplaşdırılıb təhlil edilir. Hüseyn Cavidin dilinə xas olan fonetik norma türk ədəbi dilinin fonetik sistemindən qaynaqlanıb. Burada diqqəti çəkən əsas fonetik xüsusiyyətlər səs əvəzlənmələri və fonetik hadisələrin təsiri ilə özünü göstərən bəzi əlamətlərdir ki, bu, o dövrdə təkcə Hüseyn Cavidin dil-üslub xüsusiyyəti deyildi, bütövlükdə ədəbi dilimizə də xas idi. Şairin dilində türk ədəbi dilinin eyni zamanda bizim klassik ədəbi əsərlərimizin dilinin izlərini əks etdirən fonetik və leksik-qrammatik əlamətlər Hüseyn Cavidin yaradıcılığından alınmış örnəklərlə əsaslandırılır
Açar sözlər: Hüseyn Cavid, türk ədəbi dili, leksik-qrammatik xüsusiyyətlər, norma, fonetik xüsusiyyətlər