https://doi.org/10.36719/2663-4619/111/55-59
Aygün Sultanova
Naxçıvan Dövlət Universiteti
fizika üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0006-7406-6055
UOT: 53.37.016
aygunsultanova60@gmail.com
Fizikanın tədrisində informasiya kommunikasiya texnologiyalarından
istifadənin əhəmiyyəti
Xülasə
Azərbaycan Respublikası Təhsil Sahəsində İslahatlar Proqramında göstərildiyi kimi, təhsilin üstün inkişaf etdirilən sahəyə çevrilməlməsi üçün, öz gələcəyini təmin etmək məqsədilə cəmiyyət yeni nəslin yüksək səviyyədə hazırlığına nail olmalıdır. Bunun üçün yeni cəmiyyəti formalaşdırmaq baxımından təhsilin məzmunu yeniləşdirilməlidir. Yeni təlim texnologiyalarının yaradılması təxirəsalınmaz vəzifə kimi həyata keçirilməlidir. İnteraktiv metodların imkanlarından istifadə edərək şagirdlərin əməyini stimullaşdıran, onların öyrənməyə, oxumağa marağını gücləndirən sahələrə geniş yer verilməlidir. Təhsil sisteminin modernizə edilməsində, təlim prosesində informasiya kommunikasiya texnologiyalarının çoxnövlü, geniş tətbiqi böyük imkan və perspektivlər açmışdır.
Bu gün bəşəriyyətdə baş verən kordinal dəyişiklər daha zəngin elmi biliklərin əldə edilməsini, prinsipcə yeni texnologiyaların yaradılmasını, fənlərin tədrisi metodikasına yeni pedaqoji yanaşma zərurətini meydana çıxarır. Məktəbdə fizikanın tədrisində, informasiya kommunikasiya texnologiyalarının tətbiqi dərslərin fərdiləşdirməni, modelləşdirilməsini, fərdi yanasmanı, o cümlədən interaktiv təlimin tətbiqinə geniş imkan açır. İnformasiya texnologiyalarının inkişaf istiqaməti, texnika və texnoloji əsasların formalaşdırılması üçün elektron dərslikdən, avtomatlaşdırılmış təlim sistemindən, fəal təlim üsullarından optimal istifadə fizika təlim prosesində əsaslı dəyişiklərin edilməsinə imkan verir. Fizika insan həyatını rahat edən bir çox texnologiya və mühəndislik tətbiqlərinə əhəmiyyətli töhfə verən əsas elmdir. Təcrübə və izahlara əsaslanan bir fənndir. Təcrübə və izahatlar olmadıqda şagirdlərin fizikanı başa düşmələri çətinləşir. Fizika prinsipləri çox mücərrəddir və tələbələrə izah etmək üçün dərin bilik və təcrübə tələb olunur.
Açar sözlər: informasiya, elektron dərslik, perspektivlər, kompüter texnologiyası