DOI: https://doi.org/10.36719/2663-4619/118/24-28
Ruslan Məmmədov
İstanbul Marmara Universiteti
doktorant
https://orcid.org/0000-0003-4136-0902
ruslanmuderris@gmail.com
Ali Tülü
İstanbul Maramara Universiteti
https://orcid.org/0000-0002-3245-2744
ali.tulu@marmara.edu.tr
Əbu Mazinin “Həyatın Fəlsəfəsi” adlı qəsidəsinin əruz
elmi yönündən təhlili
Xülasə
Əbu Mazinin lirik şeirləri məzmun baxımından oxucuların heyrətinə səbəb olmasına rəğmən, o, əruz elminin tələbləri baxımından daim tənqid hədəfində olmuşdur. Çünki şair bəzən şeir yazarkən Əruz elminin qaydaları xaricinə çıxır və beləliklə, şeirin vəznində müəyyən dəyişikliklər baş verirdi. Bu isə Ərəb ədiblərinin gözündən yayınmamışdı. Ərəb ədibləri bu barədə ümumi şəkildə məlumat versələr də, biz indiyə qədər şairin lirik şeirlərini Əruz elminin qaydaları çərçivəsində təhlil edən hər hansı elmi məqaləyə, yaxud kitaba rast gəlməmişik. Buna görə də biz bu məqaləmizdə şairin “Fəlsəfətul-Həyat” isimli qəsidəsini həm məzmunu baxımından, həm də vəzni baxımından təhlil etdik. Bu qəsidənin məzmununu bir çox ədibin təhlil etməsini nəzərə alaraq, əsas üstünlüyü qəsidənin vəzni baxımından təhlilinə verdik. Nəzərə alaq ki, bir çox Məhcər şairləri şeir yazarkən əruz elminin qaydalarına məhəl qoymadan yazmışlar. Lakin Əbu Mazi Məhcər şairi olmasına rəğmən, bütün şeirlərində deyil, bəzi şeirlərində Əruz elminin qaydalarına riayət etməmişdir. Bu isə onun Əruz elmində bilgisiz olmasına dəlalət etmir. Əksinə şairin əruz elminin tələblərinə cavab verən bir çox gözəl məzmunlu şeirləri vardır.
Açar sözlər: Əbu Mazi, lirik şeirlər, əruz elmi, vəzn, bəhr