DOI: https://doi.org/10.36719/2663-4619/121/29-40
Müşfiq Çobanov
Azərbaycan Texniki Universiteti
filologiya üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0008-8684-2722
mborcali@gmail.com
Çağdaş Azərbaycan-Gürcü ədəbi əlaqələri:
İsa Həbibbəyli və Elizbar Cavelidze
Xülasə
Məqalədə Azərbaycan–gürcü ədəbi əlaqələrinin çağdaş dövrü araşdırılır. Azərbaycan və gürcü ədəbi əlaqələri bədii düşüncə ilə yanaşı, elm sahəsində də həmişə paralel olaraq inkişaf etmişdir. Ötən əsrin 80-ci illərində elmi müstəvidə ən yaxşı dövrünü yaşayan Dilarə Əliyeva – Leyla Eradze elmi tandemi müstəqillik dövründə də davam etmişdir. Lakin bu əlaqələr inersiya ilə deyil, ayrı-ayrı şəxsiyyətlərin yaradıcılığı ilə mümkün olmuşdur. Belə demək mümkündür ki, ədəbi mühiti şəxsiy-yətlər formalaşdırdığı kimi, ədəbi əlaqələri də şəxsiyyətlər formalaşdırır və inkişaf etdirir.
Bu mənada, yeni mərhələdə Azərbaycan və gürcü ədəbi mühiti akademiklər İsa Həbibbəyli və Elizbar Cavelidze kontekstində formalaşmışdır. Məhz bu tanışlıq və ədəbi əlaqələr kontekstində E.Cavelidzenin bir neçə monoqrafiyası Azərbaycanda nəşr olunmuşdur. İsa Həbibbəylinin elmi fəaliyyətinin böyük bir hissəsi, yaradıcılığı Tiflis ədəbi mühitində formalaşan və inkişaf edən Cəlil Məmmədquluzadənin yaradıcılığına həsr olunmuşdur.
Onun elmi araşdırmalarında olduğu kimi, fəaliyyətində də qardaş Gürcüstan faktoru əsas rol oynamışdır. İ.Həbibbəylinin C.Məmmədquluzadənin yaradıcılığı ilə bağlı araşdırmalarında Gürcüstan mövzusu mərkəzi xətt kimi keçir. Bu, təkcə ədibin Tiflisin arxivlərindən əldə edilən tərcümeyi-hal materiallarında, fakt və sənədlərdə deyil, həm də bu mühit kontekstində düşünməsi və hərəkət etməsi baxımından əhəmiyyətlidir.
Açar sözlər: Azərbaycan–gürcü, Bakı, Tiflis, çağdaş, ədəbiyyat, ədəbi əlaqələr, bədii tərcümə, İsa Həbibbəyli, Elizbar Cavelidze