Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/120/32-47

Müşfiq Çobanov

Azərbaycan Texniki Universiteti

filologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0008-8684-2722

mborcali@gmail.com

 

Çağdaş Azərbaycan – Gürcü ədəbi əlaqələri:

Dilarə Əliyeva və Leyla Eradze

 

Xülasə

 

XX əsrin ortalarından başlayaraq Azərbaycan və gürcü ədəbiyyatında, bədii düşüncədə, xüsusilə də poeziyada olan ədəbi dostluq elmi müstəvidə ədəbiyyatşünaslıq kontekstində yeni bir mərhələ təşkil etdi. Görünür, bunu doğuran müəyyən səbəblər vardı: hər şeydən əvvəl, Səməd Vurğunun gürcü şair və yazıçıları arasında məşhur olması, tez-tez Gürcüstanda olması və İttifaq miqyasında şöhrəti, eləcə də Gürcüstanda yaşayan azərbaycanlı şair və yazıçıların bu prosesdə yaxından iştirakı bu ədəbi əlaqələri intensivləşdirdi. Ədəbiyyatşünaslıq müstəvisində bu əlaqələr gürcü ədəbiyyat­şünası Leyla Eradze və Azərbaycan ədəbiyyatşünası Dilarə Əliyeva arasında özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Şair, tərcüməçi və ədəbiyyatşünas Leyla Eradze Azərbaycan ədəbiyya­tının qızğın tərcüməçilərindən birinə çevrildi. Dilarə Əliyeva da həm Koroğlu dastanının gürcü variantını araşdırmaqla yanaşı, Azərbaycan və gürcü ədəbi dostluğunun təbliğatçısı rolunu oynadı. Onun Azərbaycan ədəbiyyatını gürcü dilinə çevirməsində böyük xidmətləri olmuşdur.

1970–1980-ci illərin Azərbaycan ədəbi mühiti Leyla Eradzeni yaxşı tanıyırdı. Ona “Azərbay­canın Əməkdar mədəniyyət işçisi” fəxri adı verilmişdi. Leyla Eradze Azərbaycanda keçirilən bir çox mədəni və ədəbi tədbirlərdə yaxından iştirak etmiş, iki qonşu, iki dost xalq arasındakı mədəni və ədəbi əlaqələrin genişlənməsinə xüsusi səy göstərmişdir. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Səməd Vurğun, Süleyman Rüstəm, Nəbi Xəzri, Nəriman Həsənzadə, Cabir Novruz, İsa İsmayılzadə və başqalarının şeirlər kitabını gürcü dilinə çevirmiş və nəşr etdirmişdir. Leyla Eradze Azərbaycan ədəbiyyatından bir çox yazıçıların nəsr nümunələrini də tərcümə etmişdir. O, Mirzə İbrahimovun Pərvanə, İsmayıl Şıxlının Dəli Kür, İlyas Əfəndiyevin Söyüdlü arx, Həsən Seyidbəylinin Telefonçu qız əsərlərini, eləcə də Cəlil Məmmədquluzadənin, İsa Hüseynovun, Ələ­viyyə Babayevanın və başqalarının roman və hekayələrini gürcü oxucularına təqdim etmişdir.

Azərbaycan–gürcü ədəbi əlaqələrində Leyla Eradze ilə eyni işi görərək gürcü ədəbiyyatının və gürcü mədəniyyətinin Azərbaycanda təbliğatçısına çevrilən Dilarə Əliyeva şüurlu ömrünü bu işə həsr etmiş, Azərbaycan–gürcü ədəbi əlaqələrində bir körpü rolunu oynamışdır.

Filologiya elmləri doktoru Dilarə Əliyeva ədəbiyyatşünas, tərcüməçi kimi fəaliyyət göstər­mişdir. Dilarə Əliyevanın araşdırmalarında, onun müdafiə etdiyi dissertasiyaların adlarından da gö­ründüyü kimi, gürcü ədəbiyyatı mühüm yer tuturdu. O, ardıcıl olaraq elmi yaradıcılıqla məşğul ol­maqla yanaşı, həm də gürcü yazıçı və şairlərinin əsərlərindən tərcümələr edirdi. İlk dəfə 1972-ci il­də gürcü dilindən hekayələr tərcümə edərək Qardaşlar adı altında çap etdirmişdir (Qardaşlar, Bakı, Azərnəşr, 1972, s. 122). Daha sonra D. Əliyevanın özünün Bir gecənin sevinci (hekayələr) (Bakı, Gənclik, 1977, s. 78) hekayələr kitabı nəşr olunmuşdur.

Bundan sonra ədəbiyyatşünasın yaradıcılığında gürcü ədəbiyyatından tərcümələr yenidən önə çıxmışdır: Arçil Sulakaurinin Aşağı-yuxarı (Bakı, 1978, s. 185) povest və hekayələr, Mixail Ca­vaxaşvilinin Torpaq çəkir (Bakı, Yazıçı, 1980, s. 248), İlya Çavçavadzenin Dilənçinin həyatı (Bakı, Yazıçı, 1987, s. 151), eləcə də Kür Xəzərə qovuşur (gürcü ədəbiyyatından seçmələr, Bakı, Yazıçı, 1988, s. 383) kitablarını nəşr etdirərək Azərbaycan–gürcü ədəbi əlaqələrində önəmli bir mərhələni müəyyənləşdirmişdir. Onun bu xidmətləri nəzərə alınaraq “Gürcüstanın Əməkdar mədəniyyət iş­çisi” fəxri adı verilmişdir.

Leyla Eradzenin yaradıcılığında Azərbaycan, Dilarə Əliyevanın araşdırmalarında isə gürcü ədəbiyyatı və qarşılıqlı araşdırmalar iki xalqın mədəni və mənəvi irsinin ortaya çıxması ilə yanaşı, ədəbi əlaqələrin çoxcəhətliliyini, qarşılıqlı təsir və zənginləşmə prosesini sürətləndirmiş, qədimdən da­vam edən bu dostluğu yeni bir mərhələyə daşımışdır. Azərbaycan və gürcü xalqlarının dostlu­ğunun bədii ədəbiyyatda təcəssümü bu iki alimin yaradıcılığında elmi müstəviyə keçmiş, elmi təfəkkürdə öz əksini tapmışdır. Hər iki alim öz araşdırmalarında bu tendensiyanı yaşadaraq yeni bir mərhələyə ötürmüşdür.

Açar sözlər: Azərbaycan-gürcü, ədəbi əlaqələr, bədii tərcümə, Dostluq təranələri, çağdaş, Leyla Eradze, Dilarə Əliyeva, Mədəd Çobanov


Baxış: 391