Böyük Vətən müharibəsi illərində Naxçıvanda sosial transformasiya və ədəbi proseslərin qarşılıqlı təsiri
Fəxrəddin Cəfərov1
, Şərəbanı Məmmədova2*
, Sədaqət Nemətova2
,
Nadir Hüseynbəyli3
, Elçin Zamanlı3
Xülasə. Bu məqalədə Böyük Vətən Müharibəsi (1941–1945) illərində Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi vəziyyət, arxa cəbhənin fəaliyyəti və ədəbi mühitin formalaşması kompleks şəkildə təhlil edilmişdir. Tədqiqatın məqsədi müharibə dövründə region əhalisinin arxa cəbhədə həyata keçirdiyi iqtisadi, sosial və mədəni fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirmək, eləcə də həmin dövrdə formalaşmış ədəbi mühitin və dövri mətbuatın vətənpərvərlik ideyalarının təbliğində rolunu qiymətləndirməkdir. Tədqiqat zamanı Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin sənədləri, dövrü mətbuat materialları və mövzu üzrə elmi ədəbiyyat müqayisəli-tarixi və mənbəşünaslıq metodları əsasında təhlil edilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, müharibə illərində Naxçıvan əhalisi kənd təsərrüfatı istehsalının davam etdirilməsi, müdafiə fonduna maliyyə və maddi vəsaitlərin ayrılması, cəbhəyə humanitar yardımların göndərilməsi və əmək resurslarının səfərbər edilməsi istiqamətlərində mühüm fəaliyyət göstərmişdir. Eyni zamanda, "Şərq Qapısı" qəzeti və regionun ədəbi mühiti vətənpərvərlik ideyalarının yayılmasında, əhalinin mənəvi səfərbərliyinin gücləndirilməsində və ictimai həmrəyliyin formalaşdırılmasında əhəmiyyətli rol oynamışdır. Əldə olunan nəticələr Böyük Vətən Müharibəsi dövründə Naxçıvanın arxa cəbhə fəaliyyətinin sosial-iqtisadi və mədəni aspektlərinin kompleks şəkildə qiymətləndirilməsinə imkan yaradır.
Açar sözlər: Böyük Vətən Müharibəsi, Naxçıvan Muxtar Respublikası, arxa cəbhə, sosial-iqtisadi fəaliyyət, ədəbi mühit, "Şərq Qapısı" qəzeti