Bərk buğda (Triticum Durum Desf.) Genotiplərində dənin keyfiyyət göstəricilərinin və zülal genetik markerlərinin korrelyasiyalı təhlili
Günel Tahirova
Xülasə. Bərk buğda (Triticum durum Desf.) dünya əhalisinin qida təhlükəsizliyində mühüm rol oynayan əsas taxıl bitkilərindən biridir. Onun dəninin keyfiyyət göstəriciləri, xüsusilə zülal miqdarı, qlüten tərkibi və texnoloji xüsusiyyətləri makaron və digər emal məhsullarının keyfiyyətini müəyyən edən əsas amillərdəndir. Müasir seleksiya proqramlarında yüksək məhsuldarlıqla yanaşı, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması da prioritet istiqamətlərdən hesab olunur. Bu baxımdan, keyfiyyət əlamətlərinin genetik əsaslarının öyrənilməsi və molekulyar markerlərlə əlaqələrinin müəyyənləşdirilməsi böyük əhəmiyyət daşıyır. Tədqiqatın məqsədi bərk buğda genotiplərində dənin əsas keyfiyyət göstəricilərinin və zülal sintezində iştirak edən genetik markerlərin korrelyasiyalı əlaqələrinin qiymətləndirilməsidir. Müxtəlif mənşəli genotiplər üzrə dənin zülal miqdarı, yaş qlüten, şüşəvarilik və digər keyfiyyət parametrləri təhlil edilmiş, həmçinin, yüksək və aşağı molekulyar çəkili qlütenin alt vahidlərini kodlaşdıran genetik markerlər müəyyən edilmişdir. Statistik korrelyasiya analizinin nəticələri göstərmişdir ki, bəzi zülal markerləri ilə dənin keyfiyyət göstəriciləri arasında əhəmiyyətli müsbət əlaqələr mövcuddur. Xüsusilə qlütenin allelləri yüksək zülal tərkibi və yaxşı texnoloji keyfiyyət xüsusiyyətləri ilə əlaqələndirilmişdir.
Açar sözlər: buğda, genotip, dən, zülal, qlüten, taxıl, protein, keyfiyyət