DOI: https://doi.org/10.36719/2663-4619/120/54-58
Xəlil Yusifli
Gəncə Dövlət Universiteti
doktorant
https://orcid.org/0009-0008-4195-4800
yusiflixalil1@gmail.com
Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin
həyata keçirilməsində gənclər təşkilatlarının rolu
Xülasə
Gənclər bütün dövrlərdə ölkənin hərəkətverici qüvvəsi kimi dövlətin müdafiəsində, qanun-qaydanın və təhlükəsizliyin təmin edilməsində aparıcı rol oynamışdır. Əhalisində gənclərin payı getdikcə artan Azərbaycan Respublikasında gənclər siyasəti, dövlətin prioritet istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət kəsb edir. Sosial siyasətin tərkib hissəsi olan gənclər siyasəti, gənclərin cəmiyyətin bütün sferalarında iştirakını və potensiallarından səmərəli istifadəsini təmin edən tədbirlər sistemidir. Bu məqalədə Azərbaycan Respublikasının gənclər siyasətinin əsas iştirakçılarından olan yerli və beynəlxalq gənclər təşkilatlarının fəaliyyəti, həmçinin onların icra mexanizmləri təhlil olunur. Dövlətin gənclər təşkilatlarına olan münasibəti və dəstəyi xüsusi olaraq vurğulanır. Tədqiqatın məqsədi gənclər təşkilatlarının dövlət gənclər siyasətinə və gənclərin inkişafına təsirini, eləcə də bu siyasətdə tutduqları mövqeyi müəyyənləşdirməkdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, gənclər təşkilatları gənclərin ictimai proseslərə fəal şəkildə qatılmasını təmin edir, onların cəmiyyətdə özünü ifadə etməsinə imkan yaradır və gəncləri fəal, məsuliyyətli vətəndaşlara çevirir. Yekunda bu qurumlar, ölkənin sosial, mədəni və iqtisadi inkişafına əhəmiyyətli töhfə verməklə yanaşı, dövlət gənclər siyasətinin səmərəli icrasına da dəstək göstərir.
Açar sözlər: gənclər siyasəti, gənclər təşkilatları, sosial inkişaf, dövlət siyasəti, Azərbaycan Respublikası