DOI: https://doi.org/10.36719/2663-4619/119/39-42
Aytən İbrahimova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
https://orcid.org/0000-0002-3529-0883
ayten_edahib@yahoo.com
Xarici dilin tədrisində təbii yanaşma metodu
Xülasə
Təbii yanaşma dil öyrənmənin möhkəm nəzəriyyəsinə əsaslandığı üçün həm dil tədqiqatçılarının, həm də praktiklərin diqqətini cəlb etmişdir. Bu yanaşma, insanların dilləri necə öyrənməsi nəzəriyyəsinə əsaslanan dil öyrənmə və öyrətməyə təkamül yolu ilə yanaşmadır. Bu yanaşmanın əsasında duran nəzəriyyə ondan ibarətdir ki, dil mənimsənilməsi yalnız insanlar mesajları eşitdikdə, oxuduqda və başa düşdükdə baş verir. Bu nəzəriyyə öyrənmə və mənimsənmə arasında fərq qoyur, bütün fərdlərin alıcı (mənimsəyən) ola biləcəyini təklif edir, “monitor” anlayışı ilə çıxış edir və dil öyrənməsinə koqnitiv amillərlə yanaşı, affektiv amillərin də təsir etdiyini göstərir.
Təbii yanaşma dərslərində istifadə olunan materiallar mənalı olmalı, real həyatla əlaqəli olmalı və dil öyrənənlər arasında həqiqi qarşılıqlı əlaqəni təşviq etməlidir. Şəkillər, əyani vəsaitlər, diaqramlar, xəritələr, reklamlar, jurnallar anlamanı və ünsiyyəti inkişaf etdirmək üçün faydalı ola bilər. Şəkilli hekayələr, incəsənət və sənətkarlıq, cizgi filmləri, kuklalar xüsusilə kiçik yaşda olan uşaqlar üçün istifadə edilə bilər. Təbii yanaşmada müəllimlərə bir dərs kitabına yapışmaqdansa, real dünyadan orijinal materiallar hazırlamaq və ya uyğunlaşdırmaq tövsiyə olunur. Beləliklə, sinifdə istifadə olunacaq materialların işlənib hazırlanması, seçilməsi və uyğunlaşdırılması təbii yanaşmanı tətbiq edən müəllimin üzərinə yük qoya bilər.
Açar sözlər: xarici dil, tədris, metod, prinsip, nəzəriyyə