DOI: https://doi.org/10.36719/2789-6919/54/23-26
İlahə Səfərzadə
Bakı Dövlət Universiteti
doktorant
https://orcid.org/0009-0002-4761-5208
ilahe.safarzadeh@gmail.com
Tarixi yaddaşın qadın siması: Elçin Hüseynbəylinin
“Pərixan” romanında mübarizə və qisas motivləri
Xülasə
Azərbaycan tarixi roman ənənəsi qadın obrazlarının təqdimində mühüm rol oynayır və bu obrazlar fərdi talelərin bədii təqdimatı ilə məhdudlaşmır. Onlar həm də ictimai-siyasi proseslərin təhlili, tarixi yaddaşın qorunması və milli kimliyin formalaşdırılmasında vasitə rolunu oynayır. Tarixi şəxsiyyətlərin bədii transformasiyası qadının cəmiyyət içindəki rolunu və daxili aləmini əks etdirir. Bu kontekstdə qadın simasında ifadə olunan mübarizə və qisas motivləri tarixi hadisələr qarşısında fərdin seçimləri, ziddiyyətləri və daxili konfliktlərini göstərən mühüm elementlərdir.
Məqalədə Elçin Hüseynbəylinin “Pərixan” romanı nümunə kimi götürülmüşdür. Əsərdə Pərixan obrazı siyasi və sosial mühitlə sıx bağlı olaraq təqdim edilir. Onun mübarizə ruhu, strateji zəkası və qisas arzusu qadın obrazının tarixi hadisələrdə aktiv iştirakını nümayiş etdirir. Pərixan kollektiv yaddaşın qoruyucusu və ictimai-siyasi dəyişikliklərin fəal iştirakçısı kimi də təqdim olunur. Roman qadın simasında tarixi yaddaşın, mübarizə və qisas motivlərinin estetik və ideoloji təzahürlərini ortaya qoyur. Bu araşdırma göstərir ki, Azərbaycan tarixi romanında qadın obrazının tədqiqi gender, sosial və tarixi kontekstlərin təhlilindən keçməlidir.
Açar sözlər: Azərbaycan tarixi romanı, qadın obrazı, tarixi yaddaş, mübarizə motivi, qisas motivi, Pərixan