DOI: https://doi.org/10.36719/2663-4619/120/9-14
Firədun İbrahimov
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı
pedaqoji elmlər doktoru
https://orcid.org/0000-0002-0775-1048
firedun.ibrahimov55@gmail.com
Mehriban Kərimova
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı
https://orcid.org/0000-0002-2944-9295
kerimova.mexriban@mail.ru
Şagirdlərin texnoloji savadlılığının, informasiya mədəniyyətinin, intellektual bacarıqlarının inkişafına təsir göstərən mühitin tənzimlənməsi istiqamətləri
Xülasə
Tədqiqat işində göstərilir ki, texno-demokratik informasiya cəmiyyətində yaşayan hər kəsin intellektual və yaradıcı fəaliyyət göstərməsi üstün təlabata çevrilir. Bunun üçün bu cəmiyyətin hər bir üzvünün intellektual bacarıqların subyekti səviyyəsinə yüksəlməsi arzuolunandır, onlar informasiya mədəniyyətinə və texnoloji savadlılığa malik olmalıdırlar. Tədqiqat işində şagirdlərin texnoloji savadlılığının və informasiya mədəniyyətinin formalaşması üçün səmərəli mühit sərgiləyən “Təhsil 4.0”-ın xüsusiyyətləri, bu sistemdə formalaşdırılması zəruri olan intellektual bacarıqların müəyyən məntiqi əsasla formalaşdırılmış qrupları təqdim edilmişdir. Tədqiqat işində diqqətə çatdırılır ki, bu tapşırıqlar müxtəlif intellektual bacarıqların strukturunun modelləşdirilməsi prinsipi əsasında tərtib edilir. Təhsilalanlar onları yerinə yetirdikcə öz işinin məqsədini müəyyən etmək, bu baxımdan tədris materialını sistemləşdirmək, müstəqil surətdə material toplamaq və s. kimi intellektual bacarıqlara yiyələnirlər. İşdə şagirdlərin texnoloji savadlılığının və informasiya mədəniyyətinin formalaşdırılması və inkişafı məqsədi ilə tətbiq ediləcək tapşırıqların seçilməsi, sistemə salınması və onların üzərində təhsilalanların fəaliyyətinin təşkil olunmasında zəruri olan, əldə rəhbər tutulmalı didaktik prinsiplərə diqqət yönəldilmişdir.
Açar sözlər: texnoloji savadlılıq, informasiya mədəniyyəti, intellektual bacarıqlar, metakoqnitiv bacarıqlar, yaradıcı təfəkkür, ideya, tapşırıq