https://doi.org/10.36719/2663-4619/112/133-138
Sevinc Babayeva
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
texnika üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0002-9334-5483
babayeva_sevinc64@mail.ru
Kənan Nağıyev
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
magistrant
https://orcid.org/0009-0004-5677-5929
mr.naghiyevkanan@gmail.com
Qarabağ iqtisadi zonasında geotermal enerjidən istifadənin tədqiqi
Xülasə
Bu məqalə Qarabağ iqtisadi zonasında geotermal enerjinin potensial istifadəsini araşdırır. Geotermal enerji, xüsusilə ətraf mühitin qorunması və iqtisadi müxtəliflik baxımından əhəmiyyətli bir alternativ enerji mənbəyidir. Tədqiqatın məqsədi, bu bölgədə geotermal enerjidən istifadənin cari vəziyyətini təhlil etmək, potensial imkanları müəyyənləşdirmək və gələcək inkişaf perspektivlərini araşdırmaqdır.
Araşdırmada GeoT*SOL simulyasiya proqramından istifadə edilərək Laçın şəhərində fərdi yaşayış binalarının istilik təminatı üçün yeraltı mənbəli istilik nasosları sistemlərinin tətbiqi qiymətləndirilmişdir. Bu sistemlərlə əlaqəli avadanlıqlar seçilmiş, onların texniki parametrləri hesablanmış və müqayisə edilmişdir. Əldə olunan nəticələr əsasında ən optimal istilik təminatı sxemi müəyyən edilmişdir.
Geotermal enerjinin Qarabağ iqtisadi rayonunun enerji təminatındakı əhəmiyyəti təkcə enerji istehsalı ilə məhdudlaşmır, eyni zamanda ekoloji və iqtisadi üstünlükləri ilə də seçilir. Bu enerjidən səmərəli istifadə bölgənin inkişafına töhfə verə, enerji təhlükəsizliyini gücləndirə və bərpa olunan enerji sektorunun inkişafını sürətləndirə bilər. Geotermal enerji resurslarının tətbiqi, ekoloji təmizliyi artırmaqla yanaşı, bölgənin enerji idxalına olan asılılığını da azalda bilər. Xüsusilə Qarabağın müharibədən sonrakı bərpa dövründə alternativ enerji mənbələrinin istifadəsi həm infrastrukturun inkişafına, həm də iqtisadi dirçəlişə mühüm töhfə verə bilər.
Açar sözlər: geotermal enerji, Qarabağ iqtisadi zonası, bərpa olunan enerji, enerji sektoru, ekoloji faydalar, simulyasiya