Müəllim-tələbə münasibətlərində humanist yanaşma
Fəridə Qəhrəmanova
Xülasə. Müəllim-tələbə münasibətlərində humanist yanaşma, müasir pedaqoji təfəkkür kontekstində tədrisin effektivliyini artıran əsas prinsiplərdən biridir. Bu yanaşma ənənəvi avtoritar, müəllim-mərkəzli modeldən fərqli olaraq, qarşılıqlı hörmət, dialoq və əməkdaşlıq əsasında qurulur. Humanist təhsil nəzəriyyəsi müəllimi yalnız bilik ötürən şəxs kimi deyil, həm də tələbələrin inkişafını istiqamətləndirən, dəstək verən və sosial-emosional mühitə nəzarət edən fasilitator kimi təqdim edir. Belə bir yanaşmada müəllim tələbənin idrak və tənqidi düşünmə bacarıqlarını üzə çıxarmağa, öyrənməyə həvəsləndirməyə və onların özünü ifadə imkanlarını genişləndirməyə yönəlir.
Humanist yanaşma müəllim-tələbə münasibətlərində bir sıra psixoloji və pedaqoji üstünlüklər təmin edir. Əvvəla, bu yanaşma tələbələrin öyrənmə prosesində fəal iştirakını təmin edir; onlar müzakirələrdə iştirak edir, öz fikirlərini ifadə edir və çətin vəziyyətlərdə qərar vermə bacarıqlarını inkişaf etdirirlər. İkincisi, müəllim və tələbə arasında inam münasibətləri qurulur ki, bu da öyrənmənin səmərəliliyini əhəmiyyətli dərəcədə artırır. Üçüncüsü, humanist təhsil yanaşması fərdi ehtiyaclara hörmət, empatiya, sosial və emosional dəstək kimi elementləri tədris prosesinə daxil etməklə psixoloji problemlərin aradan qaldırılmasına kömək edir. Nəticədə tələbələr özünə inam, məsuliyyət hissi və sosial-emosional bacarıqlar əldə edirlər.