DOI: https://doi.org/10.36719/2663-4619/119/32-38
Leylaxanım Muradova
Naxçıvan Dövlət Universiteti
https://orcid.org/0009-0005-5996-8854
mammadovaleyla883@gmail.com
Milli xanəndəlik sənətinin formalaşması
Xülasə
Xalq arasında yaşayıb yaradan xanəndələr, xalq musiqisi ifaçıları öz xalqının maddi və mənəvi dəyərlərinin daşıyıcıları olaraq onun gələcək nəsillərə ötürülməsində mühüm rol oynayırlar. Xalq musiqisi və onun qanunauyğunluqları musiqişünaslıqda etnoqrafiya sahəsinin mühüm vəzifələrindən biridir. Öz yaradıcılıq potensialını xalq musiqisi, muğam sənətinin tədqiqatına yönəltmiş etnomusiqişünas üçün folklor nümunələri, dastanlar, xalq musiqisi, rəqslər, muğamların bu günümüzə qədər inkişaf prosesi haqqında zəngin mənbələri üzə çıxarmaq, musiqi mədəniyyətinin inkişafında xalq sənətkarlarının, xalq yaradıcılığının əhəmiyyətini təhlil etmək aktual problemin həlli istiqamətində atılmış ən mühüm addımdır. Musiqişünas xalq musiqisinin qanunauyğunluqla inkişaf mərhələləri, bu musiqinin özünəməxsus cəhətləri, milli muğam sənətinin incəliklərini tədqiq edərək onun mahiyyətini izah etməyi və bəstəkar yaradıcılığında bu kimi vasitələrdən istifadə məsələlərini aktual mövzu kimi ortaya qoymağı, Azərbaycan milli musiqisində xanəndəlik sənətinin yaranma prosesini, bədii ədəbiyyatda da tərənnüm olunan bu sənətin incəliklərini izah etməyi bacarmalıdır. Xalq musiqisinə, milli sənət nümunələrinə bu cür münasibət Azərbaycanda instrumental ifaçılıq və xanəndəlik sənəti haqqında dolğun məlumatların əldə olunmasına, xanəndəlik məktəbinin özünəməxsus inkişaf xəttinin öyrənilməsinə imkan yaradır.
Açar sözlər: xanəndəlik, muğam, musiqi, Azərbaycan, ifaçılıq