F₂ nəsli hibrid dişi camışların böyüməsi və xarici xüsusiyyətləri
Mehri Xəlilova1* , Zeynəb Hüseynova1
, Səadət Əliyeva1
,
Mehriban Həsənova1 , Nərgiz Əminbəyli1
, Elza Mustafayeva1
Xülasə. Məqalədə F₂ nəsil hibrid dişi camışların böyümə və inkişaf xüsusiyyətlərinin, diri kütləsinin yaş dinamikasının və əsas eksteryer göstəricilərinin tədqiqinin nəticələri təqdim edilmişdir. Tədqiqatın məqsədi müxtəlif yaş dövrlərində hibrid dişi camışların diri kütləsində və bədən ölçülərində baş verən dəyişiklikləri müəyyənləşdirməkdən ibarət olmuşdur. Tədqiqatlar süni mayalandırma yolu ilə alınmış F₂ nəsil hibrid dişi camışlar üzərində Şəki-Zaqatala regionunda yerləşən fərdi fermer təsərrüfatlarında aparılmışdır. Heyvanların yemlənməsi və saxlanması zoobaytarlıq tələbləri nəzərə alınmaqla təşkil edilmişdir. Müəyyən edilmişdir ki, tədqiq olunan iki dişi hibridin diri kütləsi doğuş zamanı müvafiq olaraq 28 və 32 kq, üç aylıq yaşda 77 və 86 kq, altı aylıq yaşda isə 82 və 90 kq olmuşdur. Yaş artdıqca cidov hündürlüyü, bel uzunluğu, sağrı eni, döş qəfəsinin dərinliyi, bədənin çəp uzunluğu, döş eni, döş çevrəsi və pəncə çevrəsi kimi əsas eksteryer göstəricilərində ardıcıl artım müşahidə edilmişdir. Əldə olunan nəticələr F₂ nəsil hibrid dişi camışların fərdi inkişaf xüsusiyyətlərini xarakterizə edir və onların böyümə və eksteryer göstəricilərinin seleksiya-damazlıq işlərində qiymətləndirilməsi üçün istifadə oluna bilər.
Açar sözlər: F₂ nəsil, hibrid dişi camışlar, diri kütlə, böyümə, inkişaf, eksteryer, bədən ölçüləri, yaş dinamikası, seleksiya-damazlıq işi, camışçılıq