Arxiv
ELMİ TƏDQİQAT - 2026
Elektrik nəqliyyat vasitələrinə qarşı alış niyyətlərinə istehlakçı etnosentrizminin təsiri: yerli və xarici brendlərin təhlili
Özləm Akgün1*
, Ülvi Rüstəmli2
Xülasə. Müasir dövrdə istehlakçıların satınalma qərarları yalnız məhsulun xüsusiyyətləri ilə deyil, eyni zamanda, milli kimlik, mənsubiyyət hissi və mədəni dəyərlər kimi amillərlə də formalaşır. Bu kontekstdə istehlakçı etnosentrizmi elektrik nəqliyyat vasitələrinə yönəlik alış niyyətinə təsir edən mühüm psixoloji faktor kimi qiymətləndirilir. Bu tədqiqatın məqsədi istehlakçı etnosentrizminin elektrik nəqliyyat vasitələrinə qarşı alış niyyətinə təsirini araşdırmaqdır. Araşdırmanın əsas məqsədi Türkiyədə yaşayan fərdlərin yerli və xarici elektrik avtomobil brendlərinə münasibətlərini qiymətləndirmək və istehlakçı etnosentrizminin satınalma qərarlarında rolunu ortaya qoymaqdır. Tədqiqat çərçivəsində hazırda elektrik avtomobildən istifadə edən və ya gələcəkdə almağı planlaşdıran fərdlər seçilmiş, 409 iştirakçıdan məlumat toplanmışdır. Sorğu onlayn formada həyata keçirilmiş və əldə olunan məlumatlar SPSS proqramı vasitəsilə təhlil edilmişdir. Nəticələr göstərir ki, istehlakçı etnosentrizmi orta səviyyədədir, lakin yerli məhsullara qarşı müsbət münasibət yüksəkdir. Yüksək etnosentrizm səviyyəsinə malik olan fərdlərin yerli brend elektrik avtomobillərə qarşı alış niyyətinin statistik olaraq əhəmiyyətli dərəcədə daha yüksək olduğu müəyyən edilmişdir. Demoqrafik dəyişənlər (cins, yaş və gəlir) baxımından əhəmiyyətli fərqlər müşahidə edilməmiş, lakin istehlakçı etnosentrizminin alış niyyətinə müsbət və əhəmiyyətli təsir göstərdiyi aşkar edilmişdir. Bu tədqiqat Türkiyədə inkişaf etməkdə olan elektrik nəqliyyat vasitələri bazarında istehlakçı davranışlarının daha yaxşı anlaşılmasına töhfə verir və marketinq, brend idarəetməsi və istehlakçı şüurunun formalaşması kimi sahələrdə istehlakçı etnosentrizminin əhəmiyyətini elmi əsaslarla təsdiqləyir.
Açar sözlər: istehlakçı etnosentrizmi, elektrik nəqliyyat vasitələri, alış niyyəti
Baxış: 10