Effektiv rəhbər və yumşaq bacarıqlar
Rövşən Niyazov
Xülasə. Məqalədə əmək münasibətlərinin hüquqi əsasları, liderlik anlayışı və müasir rəhbərin formalaşmasında mühüm rol oynayan peşəkar və şəxsi keyfiyyətlər geniş şəkildə təhlil olunur. Azərbaycan Respublikasının Konstitusiyası və Əmək Məcəlləsi əsasında əmək münasibətlərinin yaranması, dəyişdirilməsi və tənzimlənməsi prinsipləri izah edilir, işçi, işəgötürən və əmək kollektivi anlayışlarına hüquqi baxımdan aydınlıq gətirilir. Eyni zamanda beynəlxalq əmək hüququ normalarının və Beynəlxalq Əmək Təşkilatının konvensiyalarının əmək münasibətlərinin inkişafındakı rolu vurğulanır. Məqalədə liderliyin yalnız idarəetmə funksiyası olmadığı, həm də yüksək kommunikativ bacarıq, strateji düşüncə, emosional zəka, məsuliyyət və çevik qərarvermə kimi keyfiyyətlərlə sıx bağlı olduğu qeyd edilir. Müasir rəhbərin intizamlı və özünəinamlı olması, komanda qurmaq və idarə etmək bacarığına malik olması, əməkdaşları dinləməsi, riskləri düzgün qiymətləndirməsi, bilik və bacarıqlarını daim yeniləməsi, münaqişələri ədalətli və konstruktiv şəkildə həll etməsi əsas liderlik xüsusiyyətləri kimi təqdim edilir. Məqalədə konfliktlərin insan həyatının və kollektiv fəaliyyətin ayrılmaz hissəsi olduğu göstərilir, onların düzgün idarə edilməsində liderin rolu xüsusi vurğulanır. Bununla yanaşı, aqressiv, eqosentrik, narsist və psixopatik xüsusiyyətlərə malik destruktiv lider tipləri təhlil olunur, bu xüsusiyyətlərin kollektivin fəaliyyətinə, psixoloji mühitə və iş prosesinə mənfi təsiri izah edilir. Nəticədə müəllif uğurlu rəhbərliyin əsasının peşəkarlıq, etik davranış, effektiv kommunikasiya, empatiya və insan münasibətlərinin düzgün qurulmasından ibarət olduğu qənaətinə gəlir.
Açar sözlər: rəhbər şəxs, lider, şəxsiyyət, münaqişə, rəhbər, yumşaq bacarıq