Çay sularının çirkləndiricilərdən təmizlənməsində bioremediasiya üsulunun perspektivləri
Aygün Qasımova1*
, Könül Bayram1
, Samirə Nəcəfova2
,
Gülşən Vəliyeva3
, Fidan Qasımova4
, Nazlı Əbdülxaliqova3
Xülasə. Təqdim olunan işdə uzun illərdir texnogen çirklənməyə məruz qalmış Sumqayıt çayının çirklənməsi problemi və onun özünü təmizləmə qabiliyyətinin artırılması üçün yeni yanaşmalar irəli sürülmüşdür. Çay sularının üzvi və qeyri-üzvi çirkləndiricilərdən təmizlənməsi üçün aborigen mikrobiotadan aktiv ştamların seçilməsi və onlardan bioremediasiya prosesində istifadə etmə imkanları araşdırılmışdır. Tədqiqat nəticələrinə əsasən, texnogen çirklənməyə məruz qalmış çay sularında fenolun miqdarının 0,50 mq/l (YVH – 0,001 mq/l), misin miqdarının isə 0,96 mq/l (YVH – 0,01–0,1 mq/l) olduğu və hər iki göstəricinin YVH-ni aşdığı müəyyən edilmişdir. Bu su nümunələrindən ayrılan aktiv mikroorqanizm ştamlarının Rhodococcus sp., Penicillium sp. və Aspergillus sp. cinslərinə aid olduğu müəyyən edilmişdir. Nəticələrə əsasən, istifadə edilən göbələk ştamlarının bakteriya ştamı ilə müqayisədə üstünlük təşkil etdiyi aşkar edilmişdir: fenolun miqdarı Rhodococcus sp. təsiri ilə 62%, Penicillium sp. ilə 100%, Aspergillus sp. ilə 86%, misin miqdarı isə Rhodococcus sp. ilə 58,4%, Penicillium sp. ilə 64,8%, Aspergillus sp. ilə 68,7% azalmışdır. Bu nəticələr onları bioaqmentasiya prosesində istifadə etmək üçün səmərəli hesab etməyə imkan verir.
Açar sözlər: bioremediasiya, fenolmənimsəyən mikroorqanizmlər, ağır metallar, ekotoksiklik, bioindikasiya