DOI: https://doi.org/10.36719/2663-4619/123/31-47
Azərbaycan Texniki Universiteti
filologiya üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0008-8684-2722
mborcali@gmail.com
Çağdaş Azərbaycan–Gürcü ədəbi əlaqələri:
Mədəd Çobanov və Leyla Eradze
Xülasə
Məqalədə Azərbaycan–Gürcü ədəbi əlaqələri araşdırılır. Qeyd olunur ki, XX əsrin 30-cu illə-rindən başlayaraq Azərbaycan və Gürcü ədəbi əlaqələri bədii düşüncədə, xüsusilə də poeziya ilə yanaşı, elm sahəsində də həmişə paralel olaraq inkişaf etmişdir. Lakin bu əlaqələr inersiya ilə deyil, ayrı-ayrı şəxsiyyətlərin yaradıcılıq əlaqələri ilə formalaşmışdır. Ədəbi mühiti şəxsiyyətlər formalaş-dırdığı kimi, ədəbi əlaqələri də şəxsiyyətlər formalaşdırmış və inkişaf etdirmişlər.
Ötən əsrin ortalarında elmi, həmçinin də bədii tərcümə və ədəbi əlaqələr müstəvisində ən yaxşı dövrünü yaşayan S.Vurğun və K.Kaladze, S.Vurğun və G.Leonidze, S.Vurğun və L.Eradze, həmçinin L.Eradze və D.Əliyeva dostluğu daha sonralar Leyla Eradze və Mədəd Çobanov tərəfindən yeni bir kontekstdə davam etmişdir. Bu elmi, ədəbi-bədii tandem Azərbaycan və Gürcü ədəbiyyatında özünün yeni inkişaf mərhələsinə qədəm qoymuş, bu dostluq əlaqələri qısa bir müddətdə həm ədəbiyyat-şünaslıq, həm poeziya, həm də bədii tərcümə və ədəbi əlaqələr müstəvisində yeni bir mərhələ təşkil etmişdir. Sözsüz ki, bunu doğuran müəyyən səbəblər vardı. Hər şeydən əvvəl, prof. M.Çobanov Gürcüs-tanda doğulub boya-başa çatmış, orta və ali təhsilini Gürcüstanda almış, ömrünün təxminən 60 ilini Gürcüstanda yaşamış, uzun müddət vaxtilə ali təhsil aldığı Universitetin Azərbaycan şöbəsində – Azərbaycan dili və ədəbiyyatı kafedrasında müəllim, professor, kafedra müdirinin müavini və kafedra müdiri vəzifələrində çalışmışdır. Daha sonralar Bakıda yaşasa da, ömrünün sonuna kimi Gürcüstanla əlaqəni kəsməmiş, müntəzəm olaraq əlaqə saxlamış, hər il ən azı 4–5 dəfə Gürcüstana səfər etmiş, keçmiş gürcü həmkarları ilə, həmçinin Gürcüstanda yaşayan azərbaycanlı şair və yazıçılarla görüşmüş, Tiflis ədəbi mühitində və buradakı ədəbi prosesdə yaxından iştirak etmişdir. Onun həyat və yaradıcılığı haqqında Gürcüstan mətbuatında silsilə məqalələr dərc olunmuş və bütün bunlar Azərbaycan və Gürcü xalqları arasındakı dostluq əlaqələrini daha da intensiv-ləşdirmişdir. Tanınmış gürcü şairi, ədəbiyyatşünası, tərcüməçisi və diplomatı Leyla Eradze XX əsrin ortalarından başlayaraq Azərbaycan ədəbiyyatının qızğın tərcüməçilərindən, tədqiqatçılarından və təbliğatçılarından biri kimi Azərbaycan ədəbi mühitində tanınmağa başlamış və qısa bir müddətdə özünü bu sahədə ustad kimi təsdiq etmişdir. Onun Azərbaycan ədəbiyyatının gürcü dilinə çevril-məsində və təbliğ olunmasında böyük xidmətləri olmuşdur. Elə buna görə də L.Eradze “Azər-baycanın Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür. O, eyni zamanda, Azərbay-canda keçirilən bir çox mədəni, ədəbi tədbirlərdə yaxından iştirak etmiş, iki qonşu, iki dost xalq arasındakı mədəni və ədəbi əlaqələrin genişlənməsinə xüsusi səy göstərmiş, fəal ictimai xadim kimi tanınmışdır. Bir sözlə, M.Çobanovun yaradıcılığında Gürcüstan, L.Eradzenin yaradıcılığında isə Azərbaycan mövzusunun xüsusi yer tutması hər iki xalqın ədəbi, mədəni, mənəvi irsinin ortaya çıxarılması ilə yanaşı, həm də ədəbi–mədəni əlaqələrin çoxcəhətliliyini, qarşılıqlı təsir və zənginləşmə prosesini sürətləndirmiş, qədimdən davam edən bu dostluğu yeni bir mərhələyə daşımışdır. Azərbaycan və Gürcü xalqlarının dostluğunun bədii ədəbiyyatda təcəssümü bu iki alimin yaradıcılığında yeni müstəviyə keçmiş, elmi təfəkkürdə də öz geniş əksini tapmış və beləliklə də Azərbaycan–Gürcü ədəbi əlaqələri daha da zənginləşmişdir.
Açar sözlər: Azərbaycan, azərbaycanlı, Gürcüstan, gürcü, Azərbaycan–Gürcü, çağdaş, ədəbiyyat, əsər, səfər, dostluq, şair, yazıçı, yaradıcılıq, ədəbi əlaqələr, bədii tərcümə, tərcüməçi, Mədəd Çobanov, Leyla Eradze, Sevirəm Gürcüstanı, Dostluq təranələri