Azərbaycanın regional logistika mərkəzi kimi
inkişaf perspektivləri
Kamran Şirinzadə
Xülasə. Bu tədqiqatın məqsədi Azərbaycanın logistika infrastrukturunun "İpək Yolu" layihəsinə hazırlığını araşdırmaq, onun rəqabət qabiliyyətini qiymət və çatdırılma müddəti baxımından alternativ marşrutlarla müqayisə etmək və rəqabətqabiliyyətli xidmətlər göstərmək üçün tələb olunan addımları müəyyən etməkdir. Tədqiqatda Dünya Bankı, Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq maliyyə qurumları tərəfindən aparılmış tədqiqatlardan, eləcə də Dövlət Statistika Komitəsi, Bakı Beynəlxalq Ticarət Limanı və "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən dərc olunmuş məlumatlardan geniş istifadə edilmişdir. Birinci bölmədə "İpək Yolu" layihəsi çərçivəsində təklif olunan nəqliyyat dəhlizləri, xüsusən də Azərbaycandan keçən Şərq–Qərb nəqliyyat dəhlizi haqqında məlumat verilir, layihənin yaratdığı ticarət, logistika və iqtisadi imkanlar, eləcə də logistika keyfiyyətinin ÜDM-in və rifahın artırılmasındakı rolu araşdırılır. İkinci bölmədə Azərbaycanın "İpək Yolu" layihəsi çərçivəsində həyata keçirdiyi təşəbbüslər və infrastruktur, o cümlədən Bakı–Tbilisi–Qars dəmir yolu və Bakı Beynəlxalq Ticarət Limanı müzakirə olunur. Üçüncü bölmədə logistika infrastrukturunun inkişafı üçün 2016-cı il Strateji Yol Xəritəsində müəyyən edilmiş məqsədlər mövcud statistik vəziyyətlə müqayisə edilir.
Açar sözlər: Quru İpək Yolu, logistika infrastrukturu, Bakı, azad ticarət, dəniz limanı, nəqliyyat