DOI: https://doi.org/10.36719/2663-4619/117/23-29
Aysel Babayeva
Azərbaycan Dövlət İqtisad Universiteti
Magistrant
https://orcid.org/0009-0001-8786-7090
ayselmat94@gmail.com
Azərbaycanda makroiqtisadi göstəricilərlə gəlir bərabərsizliyi
arasındakı əlaqənin statistik təhlili
Xülasə
Bu məqalədə Azərbaycanda 2008–2023-cü illər ərzində gəlir bərabərsizliyi və əsas makroiqtisadi göstəricilər – ümumi daxili məhsul (ÜDM), inflyasiya, işsizlik, xarici borc və ticarət balansı – arasındakı əlaqələr statistik əsaslarla təhlil edilir. Mövzunun aktuallığı ondan ibarətdir ki, iqtisadi inkişafın sosial ədalət və bərabər bölgü ilə uzlaşdırılması inkişaf etməkdə olan ölkələr üçün mühüm strateji məsələdir. Məqalədə gəlir bərabərsizliyi göstəricisi kimi Cini əmsalından, eləcə də bölgələr üzrə gəlir fərqlərindən istifadə olunmuşdur.
Tədqiqatın məqsədi, iqtisadi inkişaf göstəricilərinin gəlir bölgüsünə təsirini aydınlaşdırmaq və bu əlaqələrin sosial nəticələrini qiymətləndirməkdir. Obyekt Azərbaycan iqtisadiyyatı, predmet isə gəlir bərabərsizliyi ilə makroiqtisadi dəyişənlər arasındakı qarşılıqlı təsirdir. Metod olaraq təsviri statistika, müqayisəli təhlil və beynəlxalq məlumat bazalarına əsaslanan empirik yanaşmalar istifadə olunmuşdur.
Tədqiqat göstərir ki, inflyasiya və qeyri-formal məşğulluq gəlir bərabərsizliyini artıran, sosial müdafiə tədbirləri və qeyri-neft sektorunun inkişafı isə onu azaldan amillərdir. Cini əmsalı ilə ÜDM, inflyasiya və işsizlik arasındakı əlaqə birbaşa və dolayı mexanizmlərlə izah olunur.
Açar sözlər: gəlir bərabərsizliyi, Cini indeksi, Azərbaycan, ÜDM, inflyasiya