Azərbaycana introduksiyası uğurlu olmuş məməli növlərin müasir ekoloji vəziyyəti
Səbinə Bünyatova1* , Günel Məhərrəmova2
Xülasə. Tədqiqatın əsas obyekti olan ada dovşanı, nutriya və Amerika yenotunun yayıldığı ərazilər, onların populyasiya sıxlığı və ekoloji vəziyyətləri müəyyən edilmişdir. Tədqiqatlar marşrut və sorğu metoduna əsasən həyata keçirilmişdir. Növlərin aktivlikləri nəzərə alınaraq 2025-ci ilin yaz və payız aylarında təşkil olunmuşdur. Növləri təyin etmək üçün onların morfoloji əlamətləri, izləri, yuvaları və ekskrementlərinə nəzər yetirilmişdir. Ada dovşanı Gil və Xərə Zirə adasında, nutriya Kür çayı ətrafı axmazlar, Cənubi-Muğan kanalı, Göyçay su anbarında, Amerika yenotu isə Böyük Qafqaz və Lənkəran təbii vilayətinin bir neçə rayonunda tədqiq edilmişdir. Tədqiqatlar zamanı məlum olmuşdur ki, bu növlər Azərbaycanda yüksək adaptasiya qabiliyyəti göstərmişdir. Hətta, Amerika yenotunun sayının stabil olmasına baxmayaraq öz arealını genişləndirmişdir. Lakin bu növlər üzərində lazımlı monitorinqlərin aparılmaması və sistemli nəzarətin yaradılmaması onların Azərbaycanın biomüxtəlifliyinə, kənd təsərrüfatına, ferma sahələrinə vurduğu ziyanın və digər təsirlərinin araşdırılmasını çətinləşdirir. Bu səbəbdən aparılan tədqiqat işləri gələcəkdə bu növlərin həm ekoloji baxımdan, həm də zərərverici növ kimi öyrənilməsinin zəruri olduğunu göstərir.
Açar sözlər: məməlilər, introduksiya, Azərbaycan, ekologiya, adaptasiya