Asılılığa zəmin yaradan ailə faktorlarının
psixoloji təhlili
Müşviq Mustafayev1 , Minarə Abbasova2*
Xülasə. Asılılıq müasir dövrdə fərdin psixi, fiziki və sosial rifahına mənfi təsir göstərən aktual problemlərdən biri hesab olunur. Son illərdə aparılan araşdırmalar göstərir ki, asılılıq davranışlarının yaranması yalnız bioloji və genetik amillərlə deyil, eyni zamanda fərdin inkişaf etdiyi ailə mühitinin xüsusiyyətləri ilə də sıx əlaqədardır. Bu məqalənin məqsədi asılılığın formalaşmasında rol oynayan ailə mənşəli risk faktorlarını müasir psixoloji nəzəriyyələr və elmi tədqiqatlar əsasında təhlil etməkdir. Tədqiqat çərçivəsində müxtəlif elmi mənbələr, sistematik icmallar və meta-analitik araşdırmalar nəzərdən keçirilmişdir. Təhlil nəticələri göstərir ki, disfunksional ailə münasibətləri, qeyri-sağlam valideynlik üslubları, uşaqlıq dövründə yaşanan travmatik təcrübələr, emosional məhrumiyyət, bağlanma problemləri və valideyn asılılığı fərddə asılılıq riskinin artmasına səbəb olan əsas amillər sırasındadır. Müəyyən edilmişdir ki, bu faktorlar emosional tənzimləmə bacarıqlarının zəifləməsi, mənfi özünüqavrayışın formalaşması və qeyri-adaptiv davranış strategiyalarının inkişafı vasitəsilə təsir göstərir. Nəticə etibarilə, ailə mühitinin xüsusiyyətləri asılılığın yaranması və davam etməsində mühüm rol oynayır. Buna görə də asılılığın profilaktikası və müalicəsində ailə faktorlarının qiymətləndirilməsi və ailəyönümlü müdaxilələrin tətbiqi xüsusi əhəmiyyət daşıyır.
Açar sözlər: asılılıq, ailə faktorları, mənfi uşaqlıq təcrübəsi, valideynlik üslubları, bağlılıq, emosional məhrumiyyət