Aqroturizmin kənd ərazilərinin inkişafına töhfəsi
Qəhrəman Yusupov1
, Elşən Məmmədov2*
,
Əli Cabbarov3
, Rəşad Səfərov2
Xülasə. Bu məqalədə aqroturizmin kəndin iqtisadi və sosial inkişafına təsirini əsaslı şəkildə təhlil etmək vəzifəsi qarşıya qoyulur. Tədqiqatın əsas məqsədi aqroturizmin regionların iqtisadi inkişafına, yerli əhalinin rifahına və ətraf mühitin mühafizəsinə necə təsir etdiyini müəyyən etməkdir. Eyni zamanda, aqroturizmin kütləvi turizmə görə üstünlükləri və davamlı inkişafa verdiyi töhfələr təhlil olunur. Tədqiqat sualları aqroturizmin yerli icmalar üçün iqtisadi və sosial baxımdan hansı faydalar gətirdiyini və bu istiqamətdə fəaliyyətin uzunmüddətli dövrdə nə dərəcədə davamlı olmasını müəyyən etməyə əsas yaradır. Tədqiqatın metodologiyası empirik yanaşmaya əsaslanır. Məlumat toplanması zamanı kəmiyyət və keyfiyyət üsulları tətbiq edilmişdir. Sorğu anketi vasitəsilə ümumilikdə 357 respondent arasında sorğu keçirilmişdir. Respondent seçimi təsadüfi və məqsədli üsulların kombinasiyası əsasında həyata keçirilmişdir. Yığılan məlumatlar deskriptiv statistik təhlil və müqayisəli təhlil metodları ilə analiz edilmişdir. Araşdırmanın nəticələri göstərir ki, aqroturizmin inkişafı kənd ərazilərində əlavə iş yerlərinin açılmasına, yerli istehsalın artmasına və sosial infrastrukturun inkişafına müsbət yöndə təsir edir. Ətraf mühitin mühafizəsinə diqqətin artdığı və yerli əhalinin mədəni dəyərlərinin aktiv formada təbliğ olunduğu müəyyən edilmişdir. Həmçinin nəticələr onu göstərir ki, aqroturizmin düzgün idarəçiliyi davamlı inkişafın prinsiplərinin tətbiqini asanlaşdırır. Tədqiqatın orijinallığı onunla bağlıdır ki, Azərbaycanda aqroturizmin inkişaf potensialı empirik məlumatlar əsasında qiymətləndirilir. Tədqiqatın nəticələri praktiki baxımdan turizm idarəçiləri, yerli özünüidarəetmə orqanları və sahibkarlıq subyektləri üçün zəruri tövsiyələr təqdim edir. Bu məqalə kənd ərazilərində turizmin inkişafının planlaşdırılması və idarə olunması ilə bağlı qərarvermə prosesinə töhfə verir.
Açar sözlər: aqroturizm, kənd turizmi, kənd təsərrüfatı, yerli əhali, davamlı inkişaf, ətraf mühit