Təbriz və Moğol miniatürlərində İslam ikonoqrafiyasının semantik paralellərinin müqayisəli təhlili
Xülasə. İslam miniatür sənəti müxtəlif coğrafiyalarda ortaq dini-estetik prinsiplər əsasında formalaşsa da, yerli siyasi, mədəni və ideoloji mühitlərin təsiri ilə fərqli vizual və semantik xüsusiyyətlər qazanmışdır. Məqalədə Təbriz və Moğol miniatür məktəblərində İslam ikonoqrafiyasının əsas motivləri müqayisəli və semantik yanaşma əsasında təhlil olunur. Tədqiqatın məqsədi hər iki məktəbdə ortaq ikonoqrafik elementlərin daşıdığı məna qatlarını müəyyənləşdirmək, onların tarixi-mədəni kontekstdə necə transformasiya olunduğunu göstərməkdir. Tədqiqatın metodoloji əsasını müqayisəli-tarixi, ikonoqrafik, semantik və vizual təhlil metodları təşkil edir. Müəyyən olunur ki, hər iki məktəbdə İslam vizual ənənəsinin ümumi elementləri qorunmuş, lakin onların semantik funksiyası fərqli ideoloji mühitlərin təsiri ilə dəyişmişdir. Təbriz miniatürlərində bu motivlər daha çox metafizik məna, sufi-estetik düşüncə və şiə simvolizmi ilə əlaqələndirilirsə, Moğol miniatürlərində imperiya ideologiyası, saray mədəniyyəti və Hindistanın çoxmədəniyyətli mühiti ilə sintez olunaraq yeni semantik çalarlar qazanmışdır. Tədqiqat İslam miniatür sənətinin yalnız üslubi deyil, həm də semantik baxımdan öyrənilməsinin müqayisəli sənətşünaslıq araşdırmaları üçün mühüm elmi əhəmiyyət daşıdığını göstərir.
Açar sözlər: Təbriz miniatür məktəbi, Moğol miniatür məktəbi, İslam ikonoqrafiyası, semantik paralellər, Merac, vizual simvolizm