NƏŞR ETİKASI VƏ REDAKSİYA SİYASƏTİ
COPE bəyanatı
Nature & Science beynəlxalq elmi jurnalı nəşr prosesi boyunca Committee on Publication Ethics (COPE) tərəfindən müəyyən edilmiş beynəlxalq etik prinsiplərə və ən yaxşı təcrübələrə uyğun fəaliyyət göstərir. Jurnalın bütün redaksiya, rəy və nəşr fəaliyyəti COPE tövsiyələri əsasında həyata keçirilir.
Daha çox məlumat üçün: https://publicationethics.org/
Müəlliflik
Məqalə müəllifləri yalnız tədqiqat işinə əhəmiyyətli töhfə vermiş, tədqiqatın dizaynı və icrası, məlumatların toplanması və təhlili, eləcə də məqalənin yazılması və redaktəsində fəal iştirak etmiş şəxslər olmalıdır. Tədqiqata dəstək göstərən, lakin müəlliflik meyarlarına cavab verməyən şəxslər yalnız Təşəkkür (Acknowledgements) bölməsində qeyd edilə bilər. Hər bir müəllif məqalənin bütün məzmununa görə məsuliyyət daşıdığını və elmi-etik prinsiplərə riayət etdiyini yazılı şəkildə təsdiq etməlidir.
Nəşr etikası bəyanatı
Jurnalın redaksiya və rəy prosesi aşağıdakı etik prinsiplərə əsaslanır:
1. Tədqiqat nəticələrinin düzgün və dəqiq təqdim olunması təmin edilir.
2. Saxta və ya manipulyasiya edilmiş məlumatların dərc olunmasına yol verilmir.
3. Plagiat və eyni tədqiqatın bir neçə jurnalda paralel dərc olunması hallarının qarşısı alınır.
Etik pozuntular aşkar edildiyi halda jurnal tərəfindən məqalənin geri çəkilməsi və ya nəşrdən imtinası kimi tədbirlər görülür.
Maraq toqquşmaları
Nature & Science beynəlxalq elmi jurnalı elmi etik prinsiplərə və şəffaflığa sadiqdir. Jurnalın bütün iştirakçıları – müəlliflər, redaktorlar və rəyçilər maraq toqquşmaları hallarını açıq şəkildə bəyan etməlidirlər.
Müəlliflər: Tədqiqatın hazırlanmasına və ya nəticələrin dərcinə təsir göstərə biləcək bütün maliyyə və şəxsi maraqları məqalədə və ya müşayiət məktubunda açıqlamalıdırlar.
Redaktorlar: Müəlliflərlə hər hansı şəxsi və ya peşəkar əlaqə mövcud olduqda, bu barədə məlumat verməli və həmin məqalənin qiymətləndirilməsindən kənarlaşmalıdırlar.
Rəyçilər: Qiymətləndirdikləri məqalə ilə bağlı maraq toqquşması yarandıqda dərhal redaksiyaya məlumat verməlidirlər.
Maraq toqquşması hallarında jurnal müvafiq etik qaydalara uyğun tədbirlər görür və zəruri hallarda bu məlumat oxucular üçün açıq şəkildə təqdim olunur.
Plagiat siyasəti
Süni intellekt (AI) alətlərindən istifadə siyasəti
Bu siyasət süni intellekt (AI) əsaslı texnologiyaların artan istifadəsini nəzərə alaraq tərtib edilmişdir. Məqsəd müəlliflər, rəyçilər, redaktorlar və oxucular üçün şəffaflıq və məsuliyyət prinsiplərini təmin etməkdir.
Müəlliflər üçün
Müəlliflər elmi məqalə hazırlığı zamanı süni intellekt (AI) alətlərindən etik prinsiplərə uyğun şəkildə istifadə edə bilərlər. Lakin bu alətlər insan düşüncəsini, təhlilini və elmi qiymətləndirməni əvəz edə bilməz.
Süni intellekt (AI) alətlərindən istifadə zamanı müəlliflər aşağıdakı prinsiplərə əməl etməlidirlər:
• Əldə olunan məlumatların dəqiqliyini və obyektivliyini yoxlamalı;
• Yaradılmış məzmunu redaktə edib öz orijinal baxışlarını əks etdirməli;
• İstifadə edilən süni intellekt alətinin adını və onun istifadə məqsədini “Süni intellekdən istifadə bəyanatı” nda göstərməlidir. Bu bəyanat məqalənin Metodlar (Methods) bölməsində qeyd edilməlidir;
• Şəxsi və məxfi məlumatların qorunmasına diqqət yetirməli və istifadə edilən alətin şərtlərini yoxlamalı;
• Süni intellekt alətlərindən istifadə müəllifin məzmun üzərindəki məsuliyyətini azaltmır və AI alətlərinə müəlliflik hüququ vermir. Məqalənin məzmununa görə tam məsuliyyət müəllifə məxsusdur.
• Süni intellekt (AI) alətlərində şəkil və qrafiklərin yaradılması yolverilməzdir.
Rəyçilər üçün
Rəyçilər təqdim olunan məqalələri məxfi sənəd kimi qəbul etməli və onları heç bir süni intellekt alətinə yükləməməlidirlər. Bu, məxfilik, müəllif hüquqları və etik pozuntu riski yaradır. AI alətləri elmi qiymətləndirmə və tənqidi düşünmə prosesini əvəz edə bilməz. Rəy insan tərəfindən hazırlanmalı və rəyçi onun məzmununa görə tam məsuliyyət daşımalıdır.
Redaktorlar üçün
Redaktorlar təqdim olunan məqalələri süni intellekt alətlərinə yükləməməlidirlər, çünki bu, müəlliflərin məxfilik hüquqlarını poza bilər. Məqalələrin elmi dəyərləndirilməsi yalnız insan nəzarəti əsasında aparılmalıdır. Əgər redaktor süni intellekt (AI) siyasətinin pozulmasını müəyyən edərsə, bu barədə dərhal jurnalın redaksiya heyətinə məlumat verməlidir.
Jurnalın nəşr prosesi zamanı süni intellekt (AI) istifadəsi
Jurnal texniki və redaksiya mərhələlərində süni intellekt (AI) alətlərindən yalnız məlumat məxfiliyinə, müəllif hüquqlarına və etik prinsiplərə riayət etməklə istifadə edə bilər. Bu alətlər aşağıdakı məqsədlərlə tətbiq oluna bilər:
• Məqalələrin format və texniki tələblərə uyğunluğunun yoxlanılması;
• Mövzuya uyğun rəyçilərin müəyyənləşdirilməsi;
• Korrektura və dil redaktəsi proseslərinin dəstəklənməsi.
Bütün hallarda qərarvermə və yekun qiymətləndirmə insan nəzarəti altında həyata keçirilir.
Məxfilik bəyannaməsi
Redaktorlar təqdim edilmiş əlyazmalarla bağlı məlumatları yalnız rəyçilər və digər redaktorlarla paylaşır və bu məlumatlar üçüncü şəxslərə açıqlanmır. Redaksiyaya daxil olan bütün əlyazmalar məxfi sənədlər kimi qorunur. Veb-sayta daxil edilən müəllif adları və e-poçt ünvanları yalnız jurnalın redaksiya və nəşr məqsədləri üçün istifadə olunur və üçüncü tərəflərlə paylaşılmır.
Həssas iştirakçılarla bağlı təlimat
Təhlükəsizlik və məlumatın qorunması: Həssas iştirakçıların məlumatlarının qorunması və təhlükəsizlik standartlarına riayət edilməsi təmin edilməlidir. Bu iştirakçılar arasında yaşlılar, uşaqlar, müalicə olunan şəxslər və digər həssas qruplar ola bilər. Şəxsi məlumatların məxfiliyini qorumaq və müvafiq qanunvericiliyə uyğunluq təmin edilməlidir.
Məlumatlı razılıq: Həssas iştirakçılardan məlumatlı razılıq alınmalı və iştirakçıların tədqiqatın məqsədini, prosedurlarını, riskləri və faydalarını başa düşmələri təmin edilməlidir. Razılıq sənədi iştirakçıların qərarlarını sərbəst və təzyiq altında olmadan vermələrini təmin etməlidir.
Dəstək və qulluq: Həssas iştirakçılar üçün xüsusi dəstək və qulluq təmin edilməlidir. Tədqiqatçılar iştirakçıların fiziki və psixoloji rifahını təmin etmək məqsədilə tədbirlər görməlidirlər.
Tədqiqatın etik icraatı: Tədqiqat işinin etik standartlara uyğun olaraq aparılması təmin edilməli, həssas iştirakçılarla bağlı bütün etik prinsiplərə riayət olunmalıdır.
Hüquqların qorunması: Həssas iştirakçıların hüquqları qorunmalı və tədqiqat prosesi zamanı iştirakçıların rifahı prioritet məsələ olmalıdır.
Düzəliş və geri çəkmə siyasəti
Nature & Science beynəlxalq elmi jurnalı dərc olunmuş məqalələrin elmi düzgünlüyünü və etibarlılığını qorumağı əsas prinsip kimi qəbul edir.
Düzəlişlər: Əgər dərc olunmuş məqalədə texniki səhvlər və ya redaksiya xətaları aşkar edilərsə və bu səhvlər tədqiqatın əsas nəticələrinə təsir göstərmirsə, texniki düzəlişlər edilir.
Geri çəkmə: Plagiat və ya digər ciddi etik pozuntular aşkar edildikdə, saxta və ya manipulyasiya edilmiş məlumatlar müəyyən edildikdə, tədqiqat nəticələrinin etibarlılığına ciddi şübhə yarandıqda, eyni tədqiqatın bir neçə yerdə dərc edilməsi halları aşkar edildikdə məqalə geri çəkilir. Geri çəkilmiş məqalələr jurnalın arxivində saxlanılır, lakin məqalə üzərində “Geri çəkildi” qeydi göstərilir və bunun səbəbi oxucular üçün açıq şəkildə təqdim olunur.
Rəyçi etikası
Rəyçilər jurnalın obyektivlik, qərəzsizlik və ədalətli qiymətləndirmə prinsiplərinə uyğun fəaliyyət göstərməlidirlər. Müəllif(lər)in cinsi, irqi, dini, vətəndaşlığı və siyasi baxışlarından asılı olmayaraq, bütün əlyazmalar yalnız elmi məzmunu əsasında obyektiv şəkildə qiymətləndirilməlidir. Rəyçilər tərəfindən nəzərdən keçirilən əlyazmalar məxfi sənəd hesab olunur və onların məzmunu üçüncü şəxslərlə paylaşılmamalıdır. Bu məlumatlar yalnız redaktorun icazəsi ilə istifadə edilə bilər və şəxsi məqsədlər üçün istifadə olunmamalıdır. Rəyçilər maraq toqquşması halları mövcud olduqda bu barədə dərhal redaktoru məlumatlandırmalı və zəruri hallarda qiymətləndirmə prosesindən imtina etməlidirlər. Rəyçilər rəy hazırlayarkən məqalənin elmi keyfiyyətini, orijinallığını və metodoloji əsaslandırılmasını nəzərə almalı, əsaslandırılmış rəy təqdim etməli və rəylərini müəyyən edilmiş müddət ərzində təqdim etməlidirlər.
Müəllif etikası
Müəlliflər jurnalın etik prinsiplərinə uyğun olaraq məsuliyyət daşıyır və redaksiyaya məqalə təqdim edərkən aşağıdakı tələblərə riayət etdiklərini təsdiqləməlidirlər.
Təqdim olunan əlyazma müəllif(lər)in orijinal işi olmalı, daha əvvəl nəşr olunmamalı və eyni vaxtda digər bir jurnala təqdim edilməməlidir. Məqalədə təqdim olunan məlumatlar düzgün, dəqiq və etibarlı olmalı, bütün müəlliflərin razılığı təmin edilməli və müəlliflik düzgün şəkildə göstərilməlidir. Əlyazmanın hazırlanmasında istifadə olunan bütün mənbələrə müvafiq qaydada istinad verilməlidir. Müəlliflər tədqiqatın maliyyələşmə mənbələrini və sponsorları açıq şəkildə bəyan etməli, mövcud olduqda şəxsi, peşəkar və ya maliyyə xarakterli maraq toqquşmaları barədə məlumat verilməlidir. Plagiat, məlumatların saxtalaşdırılması və eyni tədqiqatın bir neçə jurnalda dərc edilməsi hallarına yol verilməməlidir.
Redaktor etikası
Redaktorlar jurnalın obyektivlik, şəffaflıq və elmi dürüstlük prinsiplərinə uyğun fəaliyyət göstərməlidirlər. Bütün əlyazmalar yalnız elmi məzmunu əsasında qərəzsiz və ədalətli şəkildə qiymətləndirilməli, müəlliflərin cinsi, irqi, dini, vətəndaşlığı və siyasi baxışları qiymətləndirmə prosesinə təsir etməməlidir. Redaktorlar məqalələrin qəbul və ya imtina edilməsi ilə bağlı son qərara görə məsuliyyət daşıyır və bu qərarları yalnız elmi dəyər, aktuallıq və jurnalın əhatə dairəsinə uyğunluq əsasında qəbul etməlidirlər. Redaktorlar şəxsi maraqlardan çəkinməli və maraq toqquşması halları yarandıqda həmin əlyazmanın qiymətləndirilməsində iştirakdan imtina etməlidirlər. Rəyçilərin seçimi jurnalın mövzu istiqamətinə və elmi standartlarına uyğun şəkildə həyata keçirilməli və qiymətləndirmə prosesi şəffaf prinsiplərə əsaslanmalıdır. Əlyazmalarla bağlı bütün məlumatlar məxfi saxlanılmalı və yalnız redaktorlar və rəyçilər arasında paylaşılmalıdır. Redaktorlar təqdim edilmiş materialları şəxsi məqsədlər üçün istifadə etməməlidirlər. Redaktorlar müəlliflər və rəyçilər arasında ünsiyyəti düzgün şəkildə təşkil etməli və təqdim olunan rəylər əsasında əsaslandırılmış və obyektiv qərarlar qəbul etməlidirlər. Etik davranış pozuntuları hallarında jurnalın etik siyasətinə uyğun olaraq müvafiq tədbirlər görülür.
Məqalələrin təqdimat prosesi
Məqalələr jurnala aşağıdakı üsullar vasitəsilə təqdim edilir:
1. Onlayn sistem – jurnalın rəsmi veb-saytı üzərindən Məqalə göndər bölməsi vasitəsilə
2. E-poçt – nature.science2000@aem.az
Təqdim olunan bütün əlyazmalar ilkin redaksiya yoxlamasından keçirilir və jurnalın əhatə dairəsinə, müəllif qaydalarına və etik prinsiplərinə uyğunluğu qiymətləndirilir. Uyğun hesab edilən məqalələr ikitərəfli kor baxış (double-blind peer review) prosesinə yönləndirilir.
Rəy prosesi
Nature & Science beynəlxalq elmi jurnalında məqalələr ikitərəfli kor baxış (double-blind peer review process) əsasında qiymətləndirilir. Bu prosesdə həm müəlliflərin, həm də rəyçilərin kimliyi məxfi saxlanılır, bu da obyektiv və ədalətli qiymətləndirməni təmin edir.
Təqdimat və ilkin baxış: Məqalə redaksiyaya təqdim edildikdən sonra redaktorlar tərəfindən ilkin baxışdan keçirilir. Bu mərhələdə məqalənin jurnalın mövzu sahəsinə uyğunluğu və formal tələblərə cavab verməsi (format, struktur, dil, istinad qaydaları və s.) qiymətləndirilir. Daha sonra məqalələr StrikePlagiarism proqramı vasitəsilə plagiat yoxlamasından keçirilir. Məqalənin orijinallığı təsdiqləndikdən və etik tələblərə əməl olunduğu müəyyən edildikdən sonra rəy mərhələsinə göndərilir.
Rəyçilərin təyin edilməsi: İlkin yoxlamadan keçən əlyazma anonim şəkildə müvafiq elmi ixtisas və tədqiqat təcrübəsinə malik ən azı iki müstəqil rəyçiyə göndərilir. Rəyçilər həm yerli, həm də beynəlxalq ekspertlər arasından seçilir və onların kimliyi müəlliflərdən gizli saxlanılır.
Baxış və rəy: Rəyçilər məqaləni elmi yenilik, metodoloji düzgünlük, nəticələrin etibarlılığı və sahəyə töhfəsi baxımından qiymətləndirirlər.
Rəy müddəti və şərhlərin alınması: Redaksiya rəyçilərin ilkin rəylərini adətən 4–6 həftə ərzində alır, lakin ümumi baxış və qərar prosesi tələb olunan düzəlişlərin həcmindən asılı olaraq daha uzun çəkə bilər.
Qərar qəbul edilməsi: Rəyçilərin verdiyi rəylərə əsaslanaraq məsul redaktor məqalənin nəşrə qəbul edilməsi, düzəliş üçün geri qaytarılması və ya imtina edilməsi barədə ilkin qərar verir. Məqalə ilə bağlı yekun qərar baş redaktor tərəfindən təsdiq edilir.
Düzəlişlər və yenidən təqdimat: Əgər düzəlişlər tələb olunursa, müəlliflər rəyçilərin və redaktorun təklif etdiyi dəyişiklikləri tətbiq etməli və məqaləni yenidən redaksiyaya təqdim etməlidirlər. Müəlliflərlə bütün ünsiyyət redaksiya vasitəsilə həyata keçirilir.
Qəbul edilən məqalələrin nəşri: Qəbul edilmiş məqalələr nəşrə təqdim edilməzdən əvvəl redaktə, korrektə və formatlama mərhələlərindən keçirilir. Məqalələr nəşrə hazır vəziyyətə gətirildikdən sonra jurnalın veb-saytında onlayn olaraq dərc olunur.
Nəşr haqqı
Nature & Science beynəlxalq açıq girişli elmi jurnal olaraq məqalələrin nəşri üçün Article Processing Charge (APC) tətbiq edir. Nəşr haqqı yalnız məqalə qəbul edildikdən sonra ödənilir. Maliyyə çətinliyi olan müəlliflər üçün güzəştlər tətbiq oluna bilər.
Əlaqə: nature.science2000@aem.az; info@aem.az | +994 50 209 59 68
Açıq giriş siyasəti
Nature & Science beynəlxalq elmi jurnalı 2019-cu ildən Open Access rejimində fəaliyyət göstərir və bütün məzmun Creative Commons Attribution-NonCommercial 4.0 (CC BY-NC 4.0) lisenziyası ilə yayımlanır. Lisenziya məlumatları çap versiyada 2024-cü ildən (Cild 6, Sayı 8) etibarən qeyd edilməyə başlanmışdır. Jurnalın bütün məzmunu oxucular üçün ödənişsiz və sərbəst şəkildə əlçatandır. Dərc olunmuş məqalələrin tam mətninə jurnalın rəsmi veb-saytı vasitəsilə (https://aem.az/tebiet-ve-elm) abunə və ya giriş haqqı olmadan daxil olmaq mümkündür.
Arxivləşdirmə siyasəti
Dərc olunmuş məqalələr uzunmüddətli rəqəmsal qorunma üçün Internet Archive və Azərbaycan Milli Kitabxanasında arxivləşdirilir.
Müəlliflər məqalələrinin dərc olunmuş versiyasını Creative Commons Attribution-NonCommercial 4.0 International (CC BY-NC 4.0) lisenziyasının şərtlərinə əsasən istənilən institusional və ya digər açıq repozitoriyalarda yerləşdirə bilərlər.
Lisenziya və müəllif hüquqları
Jurnalın bütün məqalələri Creative Commons Attribution-NonCommercial 4.0 International (CC BY-NC 4.0) lisenziyası əsasında yayımlanır. Müəllif bütün hüquqları özündə saxlayır.
Bu lisenziya çərçivəsində istifadəçilər aşağıdakı hüquqlara malikdir:
Paylaş – materialı istənilən mühitdə və formatda kopyalamaq və yaymaq.
Uyğunlaşdır – materialı dəyişdirmək, uyğunlaşdırmaq və onun əsasında yeni işlər yaratmaq.
Lisenziya şərtlərinə əməl etdiyiniz müddətdə lisenziya verən bu azadlıqları ləğv edə bilməz.
Lisenziya aşağıdakı şərtlərlə tətbiq olunur:
Attribution (BY) – Müəllifə istinad edilməlidir, lisenziya linki göstərilməli və dəyişikliklər qeyd olunmalıdır.
NonCommercial (NC) – Material yalnız qeyri-kommersiya məqsədilə istifadə oluna bilər.
No additional restrictions – Lisenziya ilə icazə verilən hüquqları məhdudlaşdıran əlavə hüquqi və ya texnoloji tədbirlər tətbiq oluna bilməz.
Bildirişlər:
İctimai mülkiyyətdə olan və ya istifadənizə tətbiq olunan istisna və ya məhdudiyyətlə icazə verilən materiallar üçün lisenziyaya riayət etmək məcburiyyətində deyilsiniz.
Heç bir zəmanət verilmir. Lisenziya sizə nəzərdə tutulan istifadəniz üçün lazım olan bütün icazələri verməyə bilər. Məsələn, aşkarlıq, məxfilik və ya mənəvi hüquqlar kimi digər hüquqlar materialdan necə istifadə etməyinizi məhdudlaşdıra bilər.
Ətraflı məlumat üçün: https://creativecommons.org/licenses/by-nc/4.0/