https://doi.org/10.36719/2663-4619/110/27-30
Zəhraxanım Seyidova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
https://orcid.org/0009-0003-3462-4508
seyidova.zehraxanim.777@mail.ru
«Molla Nəsrəddin» məcmuəsində Azərbaycan qadınının taleyi
Xülasə
Bu məqalədə Azərbaycan publisistikasında XX əsrin əvvəllərinə Mirzə Cəlil, M. Ə. Sabir, Ö. F. Nemanzadə, M. Möcüz və b. sənətkarların yaradıcılıq xüsusiyyətlərindən yoğrulan, Azərbaycan publisistikasında uzun müddət ictimai problemlərin güzgüsünə çevirilən “Molla Nəsrəddin” jurnalında istənilən zaman kəsimində ən qlobal mövzulardan biri olan qadın taleyi məsələsinin əksi araşdırılır.
Azərbaycan inqilabi-demokratik mətbuat tarixində «Molla Nəsrəddin» satirik məcmuəsi görkəmli yer tutur. 1906-cı il aprelin 7-dən 1931-ci il yanvarın 7-nə kimi müəyyən fasilələrlə nəşr olunmuş bu jurnalın ətrafına Azərbaycanın ən istedadlı, vətənpərvər şair və yazıçıları toplaşmışdılar. Səhifələrində dövrünün demək olar ki, bütün hadisələrini əks etdirən bu məcmuənin əsas məqsədi geriliyə, avamlığa, cəhalətə qarşı mübarizə aparmaq, elmi, maarifi, demokratiyanı təbliğ etmək idi. İyirmi beş ilik fəaliyyəti dövründə bu mübariz məcmuə Şərq qadını probleminə öz səhifələrində geniş yer vermişdir. Məlumdur ki, jurnalın qadın azadlığı uğrunda apardığı mübarizə, Şərq fanatizminə qarşı, maarif və mədəniyyət uğrunda mübarizə demək idi. Belə ki, «Bəs hər kəs öz millətini sevir, onun gələcəyinin parlaqlığını arzu edir, arvadların təlim və tərbiyələrinə çalışmalıdır. Onların hüququnu qaytarıb, sərbəstliyini qaytarıb, əql və zəkasına meydan verməlidir».
Açar sözlər: Molla Nəsrəddin, qadın obrazları, Mirzə Cəlil, Əli Nəzmi, maarifçilik