DOI: https://doi.org/10.36719/XXXX-XXXX/2/32-38
İnklüziv şagirdlərin peşə seçimində yaşanan problemlər və çətinliklər
Məxmər Vəlizadə 
Xülasə. Bu məqalədə inklüziv təhsil alan şagirdlərin peşə seçimi zamanı qarşılaşdıqları psixoloji və sosial çətinliklər araşdırılmışdır. Təhlilin əsas məqsədlərindən biri də bu kateqoriyadan olan şagirdlərin peşə seçiminə düzgün yiyələnmə səviyyəsini və bu prosesdə məktəb mühiti, valideynlər və mütəxəssislərin rolunu müəyyənləşdirmək olmuşdur. Tədqiqat keyfiyyət və kəmiyyətin inteqrasiya olunduğu qarışıq (mixed-method) metodologiya əsasında aparılmış, məlumatların toplanması vasitələri kimi sorğu, müşahidə və yarı-strukturlaşdırılmış söhbətlərdən (müsahibələrdən) istifadə olunmuşdur. Sorğu nəticələrinə görə, şagirdlərin 85%-i qərarsızlıq, özünəinamın azlığı və informasiya çatışmazlığı səbəbindən peşə seçimində əminlik nümayiş etdirməmişdir. İştirakçıların yalnız 25%-i gələcək peşəsini dəqiq müəyyənləşdirə bildiyini, 70%-i isə məktəbdə peşə yönümünə dair heç bir dəstək almadığını qeyd etmişdir. Müşahidələr zamanı şagirdlərin əksəriyyətində özünüifadə bacarığının zəifliyi və dərslərdə passiv iştirak halları qeydə alınmışdır. Müsahibələrdə sinif rəhbərləri və loqopedlər şagirdlərin fərdi maraqlarını müəyyənləşdirməkdə çətinliklər yaşadıqlarını, məktəb psixoloqları isə psixopedaqoji dəstək sistemlərinin və resursların kifayət qədər olmamasını bildirmişlər. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, inklüziv şagirdlərə yönəlik psixopedaqoji dəstək sistemləri məktəblərdə hələ tam formalaşmayıb. Bu səbəbdən fərdi konsultasiyaların təşkili, bacarıq və maraq testlərinin tətbiqi və peşəyönümlü fəaliyyətlərin təşviqi zəruri hesab olunur.
Açar sözlər: inklüziv təhsil, peşə seçimi, inklüziv şagirdlər, bərabər fürsətlər, çətinliklər və maneələr