DOI: https://doi.org/10.36719/2706-6185/57/131-134
Emil Quliyev
Naxçıvan Dövlət Universiteti
magistrant
https://orcid.org/0009-0007-1908-3474
quliyeffemil321@gmail.com
Erkən feodal dövrdə Azərbaycanda hüquqi münasibətlərin
formalaşması və çoxmənbəli hüquq sistemi
Xülasə
Bu məqalədə erkən feodal dövrdə Azərbaycanda hüquq münasibətlərinin formalaşma xüsusiyyətləri araşdırılır və həmin dövrün hüquqi sisteminin çoxmənbəli xarakteri təhlil edilir. Tədqiqat göstərir ki, regionda hüquqi münasibətlər vahid hüquq mənbəsinə əsaslanan monolit sistem kimi deyil, müxtəlif hüquq institutlarının paralel fəaliyyəti nəticəsində formalaşmışdır. Sasani dövlətinin inzibati-hüquqi idarəetmə modeli torpaq münasibətlərinin, vergi öhdəliklərinin və sosial iyerarxiyanın hüquqi əsaslarını müəyyənləşdirərək feodal münasibətlərin institutlaşmasına mühüm təsir göstərmişdir. “Mātikān-i Hazār Dādestān” kimi hüquq mənbələrinin təhlili isə erkən feodal dövr hüququnun kazuistik və presedent xarakterli olduğunu, yəni real məhkəmə təcrübəsinə əsaslanan hüquqi modelin mövcudluğunu sübut edir. Araşdırma həmçinin Qafqaz Albaniyasında kilsə-kanon hüququnun dövlət hüququ ilə yanaşı fəaliyyət göstərdiyini və Ağuen Kilsə Məclisinin kanonlarının ailə, mülkiyyət, torpaqdan istifadə və sosial münasibətləri tənzimlədiyini göstərir. Ərəb fəthlərindən sonra İslam hüququnun tətbiqi hüquqi sistemə yeni elementlər daxil etsə də, yerli adət hüququ və kilsə hüququ tam aradan qalxmamışdır. Nəticədə erkən feodal dövrdə Azərbaycanda hüquq sistemi Sasani hüququ, Albaniya kilsə hüququ, İslam hüququ və yerli adət hüququnun qarşılıqlı təsiri əsasında formalaşmış çoxsəviyyəli hüquqi model kimi inkişaf etmişdir. Bu model sonrakı orta əsr Azərbaycan dövlətlərinin hüquq ənənələrinin formalaşmasına mühüm təsir göstərmişdir.
Açar sözlər: erkən feodalizm, Sasani hüququ, Qafqaz Albaniyası, kilsə-kanon hüququ, adət hüququ