DOI: https://doi.org/10.36719/2706-6185/54/133-138
Nigar Aşumova
Bakı Biznes Universiteti
magistrant
https://orcid.org/0009-0007-3811-909X
ashumovanigar943@gmail.com
Bankların daxili audit prosesində rəqəmsallaşmanın rolu
Xülasə
Maliyyə sektorunun dayanıqlığının təmin edilməsi müasir iqtisadiyyatın əsas prioritetlərindən biri kimi çıxış edir. Bank sistemində risklərin düzgün idarə olunması və maliyyə əməliyyatlarının şəffaflığının qorunması üçün effektiv audit mexanizmlərinin mövcudluğu xüsusi əhəmiyyət kəsb edir. Audit fəaliyyəti bank fəaliyyətinin hüquqi, maliyyə və əməliyyat mühitinə uyğunluğunu qiymətləndirən nəzarət aləti olmaqla yanaşı, eyni zamanda idarəetmə proseslərini optimallaşdıran strateji mexanizm kimi də çıxış edir. Xüsusilə daxili audit banklarda risklərin erkən mərhələdə aşkar edilməsində, daxili nəzarət sistemlərinin gücləndirilməsində və qərar qəbuletmə proseslərinin informasiya təminatında mühüm rol oynayır.
Rəqəmsallaşma bank sektorunda baş verən texnoloji transformasiyanın əsas istiqamətlərindən biri kimi daxili auditin təşkilində də fundamental dəyişikliklərə səbəb olmuşdur. Ənənəvi audit üsulları əsasən seçmə yoxlamalar və sənədlərin əl ilə təhlilinə söykəndiyi halda, rəqəmsal audit bütöv əməliyyat axınlarının avtomatlaşdırılmış qaydada monitorinqinə, böyük verilənlər bazalarının kompleks analizinə qədər geniş imkanlar yaratmışdır.
Bu elmi məqalənin məqsədi audit anlayışının nəzəri əsaslarını açıqlamaq, auditin əsas növlərini sistemləşdirmək, bank sektorunda daxili auditin mahiyyətini və əhəmiyyətini ətraflı şərh etmək, həmçinin rəqəmsallaşmanın daxili audit proseslərinin təşkili və effektivliyinə təsirini elmi-praktiki baxımdan təhlil etməkdir. Tədqiqat nəticələri göstərir ki, süni intellekt texnologiyalarının, böyük verilənlər analitikasının və avtomatlaşdırılmış nəzarət platformalarının tətbiqi daxili audit fəaliyyətini nəzarət funksiyasından daha çox strateji analitik mexanizmə çevirmişdir.
Açar sözlər: audit, daxili audit, bank sektoru, rəqəmsallaşma, maliyyə nəzarəti, risk menecmenti, big data, süni intellekt