https://doi.org/10.36719/2706-6185/43/7-12
Arifə Adıgözəlova
Bakı Dövlət Universiteti
tarix üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0004-6770-1669
adigezelova@bk.ru
Azərbaycan Xalq Cümhuriyyətinin dövlət aparatı
Xülasə
Azərbaycan Xalq Cümhuriyyətinin dövlət idarəetmə aparatının əsas prinsipləri İstiqlal Bəyannaməsində öz əksini tapmışdır. Belə ki, Milli Şuranın konstitusiya aktına bərabər olan bu qərarında dövlətin idarə formasının Xalq Cümhuriyyəti olduğu, Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanı xalqın seçdiyi Milli Şura və onun qarşısında məsuliyyət daşıyan Müvəqqəti Hökumətin idarə edəcəyi qeyd edilirdi. Bu hüquqi sənəddə bəyan edilən siyasi azadlıqlar, milli və dini hüquqların təmin olunması prinsipləri isə dövlətin demokratik siyasi sistemini müəyyən edirdi.
Cümhuriyyətin idarəetmə aparatında vahid ali başçı yox idi. Parlament və onun qarşısında məsuliyyət daşıyan hökumət dövləti birgə idarə edirdi. Parlament ali hakimiyyət orqanı olaraq qanunvericilik fəaliyyəti ilə məşğul olurdu. Hökumət isə parlamentin qəbul etdiyi qanunları icra etməklə öz fəaliyyəti haqqında parlament qarşısında hesabat verirdi və deputat çoxluğu tərəfindən fəaliyyəti qənaətbəxş hesab edilmədikdə və ya etimad göstərilmədikdə istefa verməli olurdu.
Demokratik hüquqi prinsiplər əsasında yaranmış hər bir dövlətin idarəçilik sistemində qanunverici və icraedici hakimiyyətlə yanaşı məhkəmə hakimiyyətinin də müstəqil fəaliyyəti zəruridir. Əks halda dövlət mexanizminin hüquqi dayaqları zəifləyir və idarəetmənin demokratik mahiyyəti öz əhəmiyyətini itirir. Hüquqi-demokratik dövlət qurmaq əzmində olan Azərbaycan Xalq Сümhuriyyətinin ilk hökumət kabinetində Ədliyyə Nazirliyi təsis edilmişdi və bu vəzifəni hüquşünas Xəlil bəy Xasməmmədov daşıyırdı. II hökumət kabinetində baş nazir F. Xoyskinin həm də ədliyyə naziri vəzifəsini tutması məhkəmə sisteminin dövlət aparatında mühüm yer tutmasının göstəricisidir.
Cümhuriyyət dövründə qəbul edilən qanunlar bütün vətəndaşların hüquq və azadlıqlarını nəzərə almaqla ədalətli cəmiyyət quruculuğunu nəzərdə tuturdu.
Açar sözlər: cümhuriyyət, dövlət aparatı, parlament, hökumət, məhkəmə