Türk xalqlarının ortaq əməkdaşlıq tarixi:
Birinci Türkoloji Qurultay
Elnarə Məmmədova1*
, Təranə İsmayılova2
Xülasə. Məqalədə Azərbaycan və Türkiyə arasında tarixən mövcud olan dərin mədəni, dil və elmi əlaqələr, xüsusilə də türkologiya sahəsindəki əməkdaşlıq təhlil edilir. Burada “Bir millət, iki dövlət” prinsipinə əsaslanaraq, hər iki ölkənin türk dünyasının inteqrasiyasındakı strateji rolu vurğulanır. Tədqiqatda 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti, burada iştirak edən görkəmli azərbaycanlı və türkiyəli alimlərin: Xalid Səid Xocayev, Ruhulla Axundov, Mehmed Fuad Köprülü, Rüfət Axundov, Bəkir Çobanzadə, Zeki Velidi Toğan, Reşid Rzanur, Sadri Maksudi Arsal və başqalarının rolları geniş işıqlandırılır. Məqalədə qurultayda müzakirə edilən latın qrafikalı ortaq əlifbaya keçid, terminologiya, dil dərsliklərinin hazırlanması kimi fundamental məsələlərdən, həmçinin böyük türk mütəfəkkiri Mahmud Kaşğarlının “Divanü lüğat-it-türk” əsərinin Xalid Səid Xocayev tərəfindən Azərbaycan dilinə tərcümə edilməsinin türkologiya elminə verdiyi töhfələrdən və müasir dövrdə Türk Dövlətləri Təşkilatı, TÜRKSOY kimi qurumlar vasitəsilə davam etdirilən ortaq layihələrdən bəhs olunur. Qurultayda ana dilinin inkişafı, türk dillərinin ortaq xüsusiyyətləri və terminoloji məsələlər müzakirə olunmuş, Azərbaycan ziyalıları bu müzakirələrdə öz elmi mövqeyi ilə çıxış etmişlər. Onların Qurultayda yaxından iştirak etməsi, dövrün ən aparıcı türkoloqları ilə fikir mübadiləsi aparması türk dünyası mütəfəkkirlərinin əməkdaşlığı kimi səciyyələndirilmiş, qurultay iştirakçıları tərəfindən müsbət qarşılanmış, türkologiya elminin inkişafına, türk dillərinin elmi araşdırmalarına güclü təkan vermişdir.
Açar sözlər: türk xalqları, Azərbaycan dili, türk dili, türkologiya, mədəniyyət